ABŞ-nin "təyziq" hesabatı: Fakt yox, mənbələr göstərilmir

ABŞ Dövlət Departamentinin hesabatı sosial şəbəkələrdə tirajlanan dezinformasiyaların əsasında hazırlanıb

  ABŞ Dövlət Departamenti aprelin 22-də 2023-cü il üçün dünyada insan haqlarının vəziyyətinə dair illik hesabatı açıqlayıb. Hesabatın Azərbaycana aid bölümündə sentyabrın 19-20-də Azərbaycanın Qarabağda keçirdiyi hərbi əməliyyatdan, bunun nəticəsində demək olar bütün erməni əhalinin bölgəni tərk etməsindən, məhbuslara qarşı pis rəftardan, ifadə və media azadlıqlarının sərt məhdudlaşdırılmasından, adamların öz hökumətlərini azad və ədalətli seçki yolu ilə dəyişə bilməməsindən bəhs olunur. Sənəddə vurğulanır ki, Azərbaycan hökuməti insan haqları pozuntularını törədən məmurların cəzalandırılması üçün inandırıcı addımlar atmayıb. Eyni zamanda 2020 və 2022-ci illərdə Azərbaycan ordusu tərəfindən törədildiyi iddia edilən hadisələrin araşdırılması barədə heç bir hesabat verilməyib.
  Beynəlxalq insan haqları təşkilatı – "Amnesty International" “Dünyada insan haqlarının vəziyyəti 2024” adlı növbəti illik hesabatını açıqlayıb.
Hesabatın Azərbaycana aid hissəsində Qarabağın etnik erməni əhalisinin bölgəni bütünlüklə tərk etməsindən, hökumətin ifadə azadlığı üzərinə hücumlarının intensivləşməsindən, etirazların boğulmasından, müstəqil media və təşkilatlara basqılardan, jurnalist və fəalların həbslərindən söhbət açılır.
  Hesabatda vurğulanır ki, Azərbaycanda hökumət tənqidçisi olan jurnalistlər, media təmsilçiləri və insan haqları müdafiəçiləri artmaqda olan zorakılıq, qısnama və qanunsuz həbslərlə üzləşirlər. Bir qrup Amerika konqresmeni bu həftə Azərbaycana qarşı sanksiyalar haqqında qanun layihəsi təqdim etməyi planlaşdırır.
  Özünü insan hüquq və azadlıqlarının müdafiəçisi kimi təqdim edən bir sıra təşkilatlar, o cümlədən, ABŞ Dövlət Departamenti hər il dünya ölkələrində insan hüquqlarının qorunması ilə əlaqədar hesabat yayır. Hər dəfə də bu hesabatlarda ölkəmizə qarşı qərəz və böhtanlarla rastlaşırıq. Yəni ABŞ-nin məlum hesabatı uzun illərdir həyata keçirilən ənənənin davamıdır. Departamentin hesabatlarına diqqətlə baxanda məlum olur ki, ötənilki hesabatların təkrarıdır. Sanki sadəcə, ənənəni pozmamaq xatirinə yayılır. Odur ki, bu hesabatlar dünya ölkələrində insan haqları və demokratiya məsələsinə təsiri olmayan sənəddən başqa bir şey deyil.
  Bu barədə “Sherg.az"a danışan siyasi şərhçi Azər Həsrət isə deyib ki, ABŞ Dövlət Departamentinin, eləcə də bənzər qurumların, ABŞ-də yerləşən ayrı-ayrı beynəlxalq insan haqları təşkilatlarının Azərbaycana qarşı qərəzi bizim üçün yeni və gözlənilməz bir şey deyil. Biz artıq onların bu qərəzinə öyrəşmişik:

“ABŞ Dövlət Departamentinin insan haqlarının vəziyyətinə dair illik hesabatında Azərbaycanla bağlı fikirlər ikili standartların mövcud olduğunu, müxtəlif subyektiv fikirlərin daha çox üstünlük təşkil etdiyini göstərir və qərəzli xarakter daşıyır. Hesabatda ölkəmizdəki insan haqları ilə bağlı vəziyyət subyektiv mülahizələrə əsaslandığından buradakı iddiaları qərəzsiz hesab etmək olar.
Ötən 30 il ərzində Azərbaycan torpaqlarının 20 faizinin erməni işğalında qalması, 1 milyondan artıq qaçqın-məcburi köçkün məsələsini dilinə dolamayan, tükünü belə tərpətməyən qurumların ermənilər üçün bu qədər canfəşanlıq etməsini anlamaq olmur.
Guya Azərbaycanın ermənilərə qarşı etnik təmizləmə siyasəti yeritməsindən narahat olmaları da bizim üzərimizə gəlmək üçün bəhanədir.
  Beynəlxalq təşkilatlar, o cümlədən, ABŞ Dövlət Departamenti insan haqlarının müdafiəsi il əlaqədar hesabat hazırlayarkən unutmamalıdırlar ki, ölkəmiz insan hüquqları sahəsində əsas beynəlxalq sənədlərə qoşulmaqla yanaşı, onlardan irəli gələn müddəaların həyata keçirilməsi istiqamətində də beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illər ərzində insan hüquqlarının təmini ilə bağlı əhəmiyyətli sənədlər, əfv sərəncamları və amnistiya aktları imzalanıb”.
  Vətəndaşların seçki hüququ ilə bağlı yazılanlara gəldikdə isə A.Həsrət hesab edir ki, deyilənlərin cəfəngiyyat olduğunu fevralın 7-də keçirilən prezident seçkiləri sübut edir: “Seçki prosesini müşahidə edən beynəlxalq təşkilatlar heç bir qüsur aşkarlaya bilmədilər. Üstəlik, bu hesabat 2023-cü ilə əhatə edirsə, ötən il ölkəmizdə heç bir seçki olmayıb. Seçki olmayan yerdə hansı pozuntulardan danışmaq olar?! Media azadlığı, siyasi fəaliyyət azadlığı ilə bağlı da ölkəmizdə heç bir qanun pozuntusu müşahidə edilmir. ABŞ ilə əlaqələri olan şəxslərə qarşı dövlətin həyata keçirdiyi əməliyyatları nəzərdə tuturlarsa, o adamların ifşa olunan fəaliyyətləri hər kəsə bəllidir. Xaricdən aldıqları qrantların dövlət qeydiyyatına alınması prosesindən maliyyə hesabatlılığından yayınıblar. ABŞ vətəndaşları belə bir addım atsa, Dövlət Departamenti onlara qarşı heç bir tədbir görməzdi? Amerikanın özündə də maliyyə qaçaqmalçılığı ilə məşğul olan şəxslərə qarşı bizdəkindən qat-qat sərt cəzalar tətbiq edilir.
Lakin Azərbaycana qarşı təzyiq vasitəsi olaraq insan haqları faktorundan istifadə edir. Dünyanı da inandırmağa çalışırlar ki, Azərbaycanda dəhşətdir, insanlar küçəyə çıxa bilmir, haqları boğulur, ermənilərə qarşı dözümsüzlük nümayiş etdirirlər. Məqsədləri də dünyanı üzərimizə qaldırıb bizi küncə sıxışdırmaqdır. Fikir versəniz, Departamentin hesabatlarında, xüsusən Azərbaycanla bağlı bölümdə mənbələr göstərilmir. Deməli, ölkədə ictimai-siyasi vəziyyətin pozulması, inzibati hüquq sistemini zədələyə biləcək fikirlərin formalaşması, dövlət haqqında hansısa mənfi imicin formalaşması üçün çalışan maraqlı qüvvələr var və hesabat sanki onların verdiyi faktlara söykənməyən və qərəzli fikirlərin, sosial şəbəkələrdə tirajlanan dezinformasiyaların əsasında hazırlanıb”.