“Titanik”də ölənlər: 1160 cəsəd niyə yox olub?

  “Titanik” gəmisinin qalıqları 112 ildir Atlantik okeanının dibində çürüməkdədir. Gəmi avadanlığına, sərnişinlərin ətrafa dağılmış əşyalarına hələ də okeanın dibində rast gəlinir. Amma qəribədir ki, qəza zamanı həlak olmuş sərnişinlərdən bircə nəfərinin də cəsədi yoxdur. Cəsədlər hardadır, niyə yoxdur? “Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, “Titanik”in qəzaya uğraması da, sərnişinlərdən bəzisinin xilas olub, xeyli hissəsinin okean sularında qərq olması da bir əsrdən çoxdur ki, müəmma olaraq qalır. 1912-ci ilin faciəli 14 aprel gecəsi “Titanik”də 2 min 224 nəfər olub. Onlardan 1160 nəfərin cəsədi heç vaxt tapılmayıb. Həmin insanların cəsədlərindən də heç bir qalıq yoxdur. Bununla bağlı bir neçə ehtimal var. Ehtimallardan biri, okeandakı canlıların cəsədlərlə qidalanmasıdır. Dəniz səyyahı və “Titanik”in qalıqlarını kəşf eden Robert Ballard bu məsələ ilə bağlı açıqlamasında qeyd edib ki, problem 914 metr dərinlikdə - kalsium-karbonat tarazlığını təmin edən təbəqədən daha dərinlikdə olmaqdır. Dərinlikdəki suyun tərkibində kalsium-karbonat baxımından doymuş su deyil. Bu maddələr sümüklərin formalaşmasında iştirak edir. Lakin “Titanik” və “Bismarck” kimi gəmilərin qalıqları bu dərinliyin altında olduğundan, balıqlar, dəniz böcəkləri və digər canlılar cəsədlərin ətini yeyir, nəticədə insan skeleti qalır. Sümüklər açıq qaldığından əriməyə başlayır. “Titanik”in batmış sərnişinlərinin cəsədləri bu səbəbdən tapılmır. Başqa bir ehtimalsa, qəza zamanı okean sularına qərq olanların nəhəng dalğalarla başqa istiqamətlərə sürüklənməsidir. İrlandiyanın "Atlantic Technological" Universitetinin professoru Jon Kassella da insan sümüklərinin duzlu suda sürətlə əridiyini qeyd edib: “İnsan sümükləri əsasən kalsium və fosfatdan, eyni zamanda daha bir neçə kiçik molekuldan ibarət hidroksiapatit adı verilən bir mineraldan ibarətdir”. Professor Kassella, hətta 100 il sonra cəsəd qalıqlarının tapıla biləcəyini, lakin bunun duzlu suyun səviyyələsinə, suyun pH-ına və mikroorqanizmlərin təsirinə bağlı olduğunu da vurğulayıb. Professor qeyd edib ki, okeanın dibində cəsəd qalıqları ola bilər. Amma onlar o qədər geniş əraziyə səpələnmiş və lillə örtülmüş vəziyyətdədirlər ki, aşkara çıxarmaq çox çətindir.