Rusiyanın Milli Məsələlər üzrə Federal Agentliyi Mərkəzi Asiyadan olan miqrantlara yerli əhaliyə müraciətdə "qardaş" və "bacı" sözlərindən istifadə etməməyi və nəqliyyatda yüksək səslə danışmamağı tövsiyə edir. "Sherg.az" gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə agentliyin hazırladığı adaptasiya kursunda bildirilir. Söhbət əcnəbilər üçün 70 dəqiqəlik mühazirədən gedir. Burada xoşuna gələn xanımın ünvanına fit çalmamaq, yoldan keçənləri öz ana dilində müzakirə etməmək, küçədə dini mərasimləri icra etməmək - namaz qılmamaq və qurban kəsməmək, kənar adamlara fiziki olaraq toxunmamaq, toylarda havaya atəş açmamaq və s. bu kimi tövsiyələr yer alıb.
Məsələ ilə bağlı "Sherg.az"a danışan "Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri Azər Allahverənov bildirib ki, Milli Məsələlər üzdə Federal Agentliyin bu tövsiyələri miqrantların sosial-mədəni adaptasiyası baxımından vacib hesab olunur:
''Çünki həmin Federal Agentlik Rusiyanın 5 ölkəsində adaptasiya mərkəzləri yaradaraq kurslar təşkil etdi. Burada 70 dəqiqə ərzində mövzular 4 hissəyə bölünərək müzakirələr aparılırdı. Birinci hissə miqrasiya və əmək qanunvericiliyinin əsasları, ikinci hissə Rusiyada qeyri-formal davranışın əsasları, üçüncü hissə qanunvericiliyə riayyət olunmamasına görə məsuliyyət, sonuncusu isə Rusiya və Mərkəzi Asiya ölkələri arasında münasibətlərin tarixidir. Həmin mühazirə kursunun daxilində davranış tövsiyələri tədris olunur. Bununla Mərkəzi Asiya ölkələrindən olan miqrantlar davranışa uyğun münasibət quraraq Rusiya cəmiyyətinə tam adaptasiya ola bilərlər. Ancaq adaptasiyanın konkret şərtləri var. Beləki, burada xarici dil də tədris olunur. Bir sözlə, bunlar tövsiyədir. Düşünmürəm ki, həmin qaydalar məcburi olsun. Bunun üçün həmin şərtlər qanunvericilikdə təsdiq olunmalıdır. Təbii ki, bu tövsiyələr arasında absurd səslənən fikirlər də var. Məsələn, mən öz dilimdə danışıramsa, yanımdan keçən adam kimin haqqında danışdığımı haradan biləcək? Bu insanların hüquqlarının pozulması kimi dəyərləndirilə bilər. Qeyd edək ki, Rusiya çoxmillətli dövlətdir. Havaya silah açılmasına gəldikdə isə bu qanunda ziddir. Bu qayda Orta Asiyadan olan miqrantlara tövsiyə olunur. Halbuki, Rusiyanın Qafqaz xalqlarında toylarda silahla havaya atəş açmaq adəti geniş yayılıb''.
A.Allahverənov qeyd edib ki, qeyd edilən tövsiyələrin bir qismi qanunvericilikdə öz əksini tapıb:
''Yəni, bunu ayrıca tövsiyə kimi vermək mənasızdır. Qaydanı pozanlar barədə onsuz ciddi sanksiyalar tətbiq olunacaq. Ona görə də məcburi deyil də tövsiyə xarakterli qaydalardır. Bəzi bölgələr buna ciddi yanaşacaq, digərləri isə buna heç əhəmiyyət də verməyəcək. Unutmayaq ki, Rusiyada müxtəlif siyasi dairələr miqrantların əleyhinə hər zaman siyasətin daha sərt şəkildə qurulmalı olduğunu deyirlər. Miqrantlarla bağlı qanunvericiliyin sərtləşdirilməsi bilavasitə miqarantın davranışı ilə əlaqədardır. Rusiyada aparılan sorğulardan da göründüyü kimi, orada miqrantlara münasibət normaldır. Bu tövsiyələr daha sonra qanunvericilikdə qəbul olunsa, ağır prosses olacaq. Bunu bir növ milli, dini ayrıseçkilik kimi qiymətləndirmək olar".