Natiq Cəfərli: "Zahid Oruc mənimlə rəqabət aparmaq istəyir, lap yaxşı"

"Qarşıdakı günlərdə çox maraqlı seçki mübarizəsinin şahidi olacağıq"

 Milli Məclisin komitə sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.
 Z.Oruc 33 saylı Xətai 1-ci seçki dairəsindən namizəd olmaq üçün sənədlərini təqdim edib. Qeyd edək ki, həmin dairədən REAL partiyasının icra katibi Natiq Cəfərli də namizədliyini irəli sürüb.

“Sherg.az” Natiq Cəfərli ilə saxlayıb mövzu ilə bağlı fikirlərini öyrənib. 

REAL-ın icraçı katibi Zahid Orucun  dairəsini dəyişib məhz onun opponenti olmaq istəyinin gözlənilməz olduğunu deyib:  “Hər bir vətəndaşın istədiyi dairədən namizədliyini irəli sürmək haqqı var. Lakin maraqlı situasiya odur ki, Zahid Oruc uzun illər öz namizədliyini Bərdədən verib və bir neçə çağırış həmin regiondan   deputat seçilib.  Görünür, birdən – birə sənədlərini   mənim namizəd olduğum dairədən təqdim etməsi parlament seçkilərində məhz mənimlə rəqabət aparmaq istəməsindən qaynaqlanır. Lap yaxşı! Biz rəqabət mühitində seçki prosesinə qoşulmağa hazırıq.  
Əminəm ki, qarşıdakı günlərdə çox maraqlı seçki mübarizəsinin şahidi olacağıq. Kim yaxşı işləyib, vətəndaşların problem və qayğılarını obyektiv şəkildə  dilə gətiribsə o  namizəd də seçicilərin hörmətini və səsini qazanıb deputat olacaq”.