İrəvan Bakı ilə “vahid bazar” yaratmalıdır - Manaseryan

Cənubi Qafqazda uzunmüddətli sülhə gedən yol regionun üç ölkəsi arasında vahid ticarət bazarının yaradılmasından keçir.

Axar.az xəbər verir ki, bunu iqtisadçı və “Alternativ” Analitik Mərkəzinin direktoru Tatul Manaseryan deyib.

Onun sözlərinə görə, vahid bazar Cənibi Qafqaz ölkələri üçün böyük əhəmiyyət daşıyır və bu ümumi bazar böyük xarici mərkəzlərlə bağlı olmamalıdır:

“Gec-tez, Ermənistan, Gürcüstan və Azərbaycan bu ölkələrin heç bir strateji tərəfdaşı (Rusiya, ABŞ və Türkiyə) ilə əlaqəli olmayan vahid bazar yaratmalı olacaqlar. Bu ölkələr arasında qarşıdurma var və onlar heç vaxt ortaq məxrəcə gəlməyəcəklər. Bu ziddiyyətlərə görə Cənubi Qafqaz regionunda sabitlik olmayacaq, ona görə də ilk növbədə üç ölkə özləri oturub öz aralarında danışmalıdırlar”.

Manaseryanın sözlərinə görə, nisbətən kiçik bazarları olan Gürcüstan, Ermənistan və Azərbaycan qeyri-regional oyunçular və transmilli korporasiyalar üçün maraqlı deyil. Və daimi münaqişə vəziyyəti onları tamamilə qorxudur:

“Regionun üç ölkəsinin hər birinin əməkdaşlıq üçün öz obyektiv əsasları var. Məsələn, Azərbaycan başa düşməlidir ki, onun nefti gec-tez tükənəcək, üstəlik, innovativ texnologiyaların inkişafı artıq karbohidrogenlərin iqtisadiyyatda payını sürətlə azaldır;

Gürcüstan yaxşı coğrafi mövqeyə malikdir, lakin iki qonşusu arasındakı münaqişə ona bundan tam istifadə etməyə imkan vermir. İqtisadi blokadanın ona vurduğu ziyanı nəzərə alsaq, Ermənistandan danışmağa ehtiyac yoxdur. Bu baxımdan dialoq və əməkdaşlıq lazımdır”.