Zahid Oruc dairəsini dəyişdi - Rəqibi Natıq Cəfərli olacaq

Milli Məclisin komitə sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.
Bakupost.az -ın xəbərinə görə, Z.Oruc 33 saylı Xətai 1-ci seçki dairəsindən namizəd olmaq üçün sənədlərini təqdim edib.
Qeyd edək ki, əvvəlki dönəm Z.Oruc 94 saylı Bərdə kənd seçki dairəsindən deputat seçilmişdi. Son dəyişikliyə əsasən, Bərdə kənd seçki dairəsi artıq yoxdur. Bərdə şəhər və Bərdə kənd dairələri əvəzinə 98 saylı Bərdə - Tərtər, 99 saylı Bərdə seçki dairələrindən namizədlər olacaq. Bu o deməkdir ki, 98 saylı Bərdə - Tərtər seçki dairəsindən seçilən deputat həm də Tərtər seçicilərini təmsil edəcək.
Zahid Oruc 2020-ci ildə keçirilən parlament seçkilərində 94 saylı Bərdə kənd seçki dairəsindən deputat seçilib. O, seçkidə 69.4 faiz səs toplamışdı.
Xatırladaq ki, həmin dairədən REAL partiyasının icra katibi Natiq Cəfərli də namizədliyini irəli sürüb.