İranın Kirman əyaləti Sirah rayonunda Rixter şkalası üzrə 4,9 maqnitudalıq zəlzələ olub.
Axar.az xəbər verir ki, hadisə iyulun 16-da yerli vaxtla saat 4.49-da baş verib.
Bildirilib ki, yeraltı təkanlar 8 km dərinlikdə qeydə alınıb.
İtki və dağıntı barədə məlumat yoxdur.
Geologiya-mineralogiya elmləri doktoru, Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli “Sherg.az”a bildirib ki, İranda olan zəlzələnin Azərbaycana təsiri yoxdur:
“Əgər bizim sərhəddə 6-7 baldan güclü silkələnmə olsaydı zəlzələ ocaqlarını oyatma ehtimalı ola bilərdi. İranda, Türkiyədə baş verən zəlzələlərin bizə elə də təsiri olmur. Xırda təkanlar həmişə var. Elə gün yoxdur ki, zəlzələ olmasın. Onların içərisində hiss ediləni də, edilməyəni də olur”.