Kreml: Zelenski “sülh sammiti” deyərkən nəyi nəzərdə tutur?

Moskva Ukrayna lideri Vladimir Zelenskinin “Rusiya ikinci sülh sammitində iştirak edə bilər” açıqlamasına cavab verib. Kreml bəyan edib ki, Rusiya hər hansı görüş dəvətini qəbul etməzdən əvvəl Zelenskinin “sülh sammiti” ilə nə demək istədiyini başa düşməlidir.

Sherg.az xəbər veir ki, Zelenski ötən ay İsveçrədə keçirilən və Moskvanın iştirak etmədiyi yüksək səviyyəli danışıqlardan sonra Rusiyanın ikinci sammitdə təmsil olunmasının lazım olduğunu bildirib.

"Zvezda" xəbər kanalına danışan Kremlin sözçüsü Dmitri Peskov, "İlk sülh sammiti əslində sülh sammiti deyildi. Odur ki, bəlkə də əvvəlcə onun nə demək istədiyini anlamalıyıq" deyə bildirib.

Zelenskinin Rusiyanı  danışıqlara dəvət etməsi onun İsveçrədəki konfransından sonra münasibətin dəyişdiyini göstərir.

İyunun 15-də İsveçrənin dağlıq bölgəsində 90-dan çox dövlətin liderləri və yüksək vəzifəli şəxsləri Rusiya-Ukrayna müharibəsinin həllinə dair iki günlük sammitə toplaşıblar.

Çin və Rusiya sammitə qatılmayıb.

Kreml görüşü sərt şəkildə tənqid edərək, münaqişənin sona çatması ilə bağlı Rusiyanın daxil olmadığı müzakirələrin “absurd” olduğunu bildirib.