Kiyevdə Rusiyaya aid daha bir neçə abidə söküləcək

Kiyev rəhbərliyi paytaxtda Rusiyaya bağlı daha bir neçə abidəni sökmək qərarına gəlib.

Teleqraf xəbər verir ki, bura yazıçı Mixail Bulqakovun, şairə Anna Axmatovanın abidəsi və "Qəhrəman Şəhər" xatirə lövhəsi daxildir.

"Kiyev Şəhər Şurasının plenar iclasında deputatlar paytaxtın ictimai məkanlarından Rusiya və Sovet siyasətinin simvolları olan 15 elementin sökülməsi qərarını dəstəkləyiblər", - deyə Kiyev administrasiyasının mətbuat xidmətinin məlumatında qeyd olunur.

Qərara əsasən bəstəkar Mixail Qlinkanın abidəsi, Leninin anadan olmasının 100 illiyi münasibətilə hazırlanmış xatirə daşı və bəstəkar Pyotr Çaykovskinin xatirə lövhəsi də ləğv ediləcək

Bundan əlavə, Ukrayna paytaxtının Peçerski rayonundakı İkinci Dünya Müharibəsinə aid abidəyə dəyişiklik ediləcək. Abidənin üzərindəki Rusiyaya aid mətn Ukrayna mətni ilə əvəz olunacaq. (1941-1945-ci illər tarixi 1939-1945-ci illər ilə, "Böyük Vətən Müharibəsi" ifadəsi "İkinci Dünya Müharibəsi" ilə əvəz olunacaq)

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna hakimiyyətinin Rusiyaya aid abidələrin ləğvi siyasətini "dəlilik" adlandırıb .