Jurnalistlər parlament seçkilərinə qatılırmı?

Elşad Paşasoy: “Hələlik seçki qərarımı açıqlamağı məqsədəuyğun hesab etmirəm”

Azər Ayxan: “Hər hansı bir situasiya yaranarsa, qərarımı gözdən keçirə bilərəm”

Seymur Verdizadə: “Seçki marafonuna qoşulmaq niyyətində deyiləm, mənim ən yaxşı bacardığım iş yazmaqdır”

Azər Həsrət: “Uyğun şərait olsa, 57 saylı Xaçmaz şəhər seçki dairəsini düşünürəm”

  Bu il sentyabrın 1-də Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək. Bu barədə iyunun 28-də Prezident İlham Əliyev sərəncam imzalayıb.
Xatırladaq ki, iyunun 28-də Milli Məclisin növbədənkənar sessiyası başa çatıb. Bununla da 6-cı çağırış parlament işini başa çatdırıb. İctimaiyyət növbəti - VII çağırış Milli Məclisin yeni çağırışlara və yeni dövrün tələblərinə cavab verən deputatlardan təşkil olunacağını gözləyir. Şübhəsiz ki, növbədənkənar seçkilərdə namizədliyini irəli sürən müxtəlif simalar görəcəyik. Onların sırasında jurnalistlərin də olacağı istisna deyil.
  Əvvəllər seçkilərdə iştiraka meyl edən bəzi jurnalistlərlə əlaqə saxlayaraq onlardan namizədliyini irəli sürüb-sürməyəcəklərini soruşduq.
“Yeni Müsavat” qəzetinin əməkdaşı, parlament müxbiri, Azərbaycan Yazıçılar Birliyinin üzvü Elşad Paşasoy “Sherg.az”a açıqlamasında deyib ki, seçkilərdə iştirak hər bir vətəndaşın konstitusion hüququdur: 




“2020-ci ilin 44 günlük Vətən Müharibəsində, həmçinin 7 fevral 2024-cü il tarixdə keçirilmiş növbədənkənar prezident seçkilərində olduğu kimi, qarşıdakı növbədənkənar parlament seçkilərində də ilk növbədə birliyimizi nümayiş etdirməliyik. Bunun üçün seçici aktivliyinin təmin olunması olduqca mühüm məsələdir. Şəxsən mənə görə, zəfər qazanmış Azərbaycanın parlamentinə Xankəndidə, Xocalıda, Xocavənddə, Hadrutda, digər tarixi torpaqlarımızda qurulacaq seçki məntəqələrində sayılacaq bülletenlər, gələcək səslərin önəmi çox böyükdür və misilsizdir. Cənab Prezident ailə üzvləri ilə birlikdə Xankəndidə, prezident seçkilərində səsvermədə iştirak edəndən sonra bildirmişdi ki, “Xankəndidə verdiyim səs erməni separatçılarının tabutuna vurulan son mismar idi”. Hesab edirəm ki, Milli Məclisə budəfəki seçkilərdə azad Qarabağda, Şərqi Zəngəzurda veriləcək səs ümumilikdə erməniçiliyə, ərazilərimizi 30 il ərzində qoparmağa çalışan məkrli qüvvələrə, revanşçılara növbəti tutarlı cavab olacaq”. Seçkilərdə iştirak edib-etməyəciyi ilə bağlı suala gəldikdə isə E.Paşasoy deyib ki, hakim partiyanın namizədlərinin açıqlanması seçki qərarının verilməsində mühüm əhəmiyyət kəsb edir: “ 700 mindən artıq üzvü olan, böyük potensiala malik hakim partiyanın namizədləri, xüsusilə də “ağır artilleriyası” ilə rəqabət asan məsələ sayılmamalıdır. O mənada hələlik seçki qərarımı açıqlamağı məqsədəuyğun hesab etmirəm. Lakin hesab edirəm ki, 50 illik ömür yolunun 30 ilə yaxınını siyasi proseslərin içərisində, aktiv jurnalistikada, həmçinin parlamentin fəaliyyətini birbaşa izləmək imkanı olan şəxs kimi, parlament seçkilərində iştirak üçün müəyyən potensial əldə etməyə nail olmuşam və bu prosesə töhvə vermək imkanlarım var. Xatırladım ki, indiyədək bir dəfə 2010-cu il parlament seçkilərində 72 saylı Yardımlı-Masallı seçki dairəsindən – hazırda həmin dairə 75 saylı seçki dairəsidir -  namizədliyimi irəli sürmüşəm və müəyyən nəticələr qazanmışam. Rəsmi protokollarda əksini tapan 2 minə yaxın səs bir gənc iddiaçının ilkin təcrübəsi baxımından pis nəticə deyildi. Buna görə etimad göstərən seçicilərimə təşəkkür edirəm. Sonrakı seçkilərdə müəyyən təkliflər, təşəbbüslər olsa da, namizədliyimi irəli sürməmişəm. Amma 2024-cü il növbədənkənar seçkilərin ərazi bütövlüyünü tam təmin etmiş ölkəmizdə keçirilməsi baxımından ilk olduğunu və dövlət başçımızın yeni dövrə qədəm qoymağımızla bağlı mövqeyini, daha böyük hədəflərimizi nəzərə alaraq, prosesdə iştirak arzuolunandır. Hər halda qazanılmış əlavə təcrübə, mümkün potensialın daha səmərəli şəkildə istifadəsi, xalqa, dövlətə fayda vermək baxımından arzu-istək amili də var. Yaxın günlərdə dostlarla, təcrübəsinə etibar etdiyimiz insanlarla məsləhətləşmələrdən, müəyyən təhlillərdən sonra, həmçinin seçicilərin təşəbbüslərini, mövqeyini nəzərə alaraq yekun qərar verəcəyik, inşallah! Yeri gəlmişkən, 2010-cu il parlament seçkilərindəki şüarım belə idi: “ El Şad olsun!”. El-obanı, Vətənimizi şad görmək, bunun üçün əlimdən gəldiyi qədər çalışmaq əzmində olanlardanam, qalanı qismətə bağlı məsələdir. Hər zaman olduğu kimi, bu gün də o qənaətdəyəm, təki dövlətimiz, el-obalarımız nəticələrdən məmnun olsun, zəfərimizin davamında parlament seçkilərinə seçkilərimizin nəticələri də faydalı, düşərli olsun. Azərbaycan Prezidenti cənab İlham Əliyev prezident seçkilərindən sonra ölkədə yeni dövrün başlandığını elan edib və keçiriləcək növbədənkənar parlament seçkilərində də yeni dövrün tələblərinə cavab verəcək heyət formalaşacağına, həmçinin ötən çağırışda əldə olunan uğurların davam etdiriləcəyinə əminlik yaradır. Pandemiya və Vətən müharibəsi dövründə fəaliyyət göstərən parlamentin bir çox üzvlərinin fədakarlığını, xüsusilə də parlament diplomatiyasının uğurlarını unutmamalıyıq. Parlament seçkiləri mübarizədir, amma bununla belə hesab edirəm ki, hər kəs özünün layiq olduğu ünvanda fayda versə, daha yaxşıdır, nəinki kiminsə yerini tutmağa cəhd göstərməklə... Fərdi maraqlar ümummilli maraqlardan önə keçməməlidir, belə olarsa, biz daha güclü olacağıq, dostlarımız sevinəcək, qarşımızı kəsmək istəyən düşmənlərimiz məğlub olacaq. İstənilən halda, dövlətimizə, millətimizə xeyirli olsun!”.

  Əməkdar jurnalist, “Globalinfo.az” saytının təsisçisi Azər Ayxan isə deyib ki, növbədənkənar parlament seçkilərinin ətrafında çox ciddi müzakirələr gedir:

“Gözləntilər böyükdür! Hazırkı parlament heyətindən, xüsusən də Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edən deputatların neçə faizinin dəyişəcəyi, kimlərin gedib, kimlərin qalacağı xüsusi maraq doğurur. Ən böyük gözlənti isə YAP-ın siyahısıdır. Partiya üzvlərindən kimlərin hansı dairədən namizəd olacağı deputatlığa namizəd olmaq istəyən digər şəxslər üçün son dərəcə əhəmiyyətli məsələdir. Bu da təbiidir. Adətən Yeni Azərbaycan Partiyasının namizədi namizədliyini irəli sürdüyü dairədə favorit olur və müəyyən səbəblərdən ona qalib gəlmək çətin olur. Hətta YAP-ın namizədi olmasa belə, partiya hansısa bir dairədən namizədliyini müstəqil verən şəxsləri dəstəkləyir. Ümid edirəm ki, növbədənkənar parlament seçkiləri, şəffaf və demokratik bir mühitdə baş tutacaq və layiq olan namizədlər seçicilərin səsini alaraq parlamentə mandat qazanacaqlar”.
A.Ayxan hələ ki namizəd olub-olmayacağı ilə bağlı konkret qərarı və ya iddiası olmadığını deyib: “Sözsüz ki, özümüzü bu posta layiq bilirik və yaxşı millət vəkili olacağımıza, seçicilərimizi lazımi formada təmsil edəcəyimizə əminik. Lakin indiki məqamda belə bir iddiam yoxdur. Media nümayəndəsi olaraq yeni, 1 il 7 ay bundan əvvəl yaranmış bir saytın rəhbəri olaraq başlıca qayəm bu sahədəki nailiyyətlərimizi genişləndirməkdir. Hər hansı bir situasiya yaranarsa, növbədənkənar parlament seçkilərində namizəd olaraq iştirak etmək qərarımı gözdən keçirə bilərəm".
  Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadənin fikrincə, parlament seçkiləri hər bir xalqın taleyində mühüm rol oynayır. İnsanlar seçki vasitəsilə qanunverici orqanda 5 il onları təmsil edəcək şəxsləri seçirlər:

“Düşünürəm ki, bu prosesə son dərəcə diqqətlə yanaşmalı, ən layiqli namizədi seçməliyik. Azərbaycan jurnalistləri arasında deputat seçilməyə layiq olan, hətta buna haqqı çatan xeyli sayda qələm adamı var. Biz jurnalistlərin yaxşı deputat olduğunu "Xalq qəzeti"nin baş redaktoru Əflatun Amaşovun, mərhum Qənirə Paşayevanın, Əməkdar jurnalist Vüqar Rəhimzadənin, yazıçı-jurnalist Aqil Abbasın, Ali Media Mükafatı laureatı Aynur Camalqızının və digər həmkarlarımızın timsalında görmüşük. Əminəm ki, hazırda estafeti davam etdirməyə xeyli layiqli namizəd var.
  Rəşad Məcid, Rauf Arifoğlu, Akif Aşırlı, Umud Rəhimoğlu, Azər Həsrət, Aqil Camal, Elşad Paşasoy, Elxan Şükürlü çox yaxşı deputat ola, xalqa vəkillik edə bilərlər. Bu siyahını daha da genişləndirmək olar. Jurnalistlərin savadı, dünyagörüşü, təcrübəsi buna imkan verir. Jurnalist tanıyıram ki, 5 ildi əyalətdən seçilmiş bir deputatın adından məqalələr yazır, açıqlamalar verir. Azərbaycanda onlarla jurnalist var ki, heç bir kriteriya üzrə indiki deputatlardan geri qalmır. Bu adamların Milli Məclisdə təmsil olunması xalq üçün qazancdır".
  S.Verdizadə seçki marafonuna qoşulmaq niyyətində olmadığını bildirib. Qeyd edib ki, onun ən yaxşı bacardığı iş yazmaqdır: “Cəbrayılın çox savadlı, bacarıqlı, ləyaqətli, işgüzar deputatı var. İnanıram ki, hakim Yeni Azərbaycan Partiyası bu dəfə də millət vəkili Ceyhun Məmmədovun namizədliyini irəli sürəcək. O, mandatı ilə, mən isə qələmimlə xalqa xidmət edəcəyik”.
  Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Əməkdar jurnalist Azər Həsrət də son qərarını hələ verməyib:

“Amma uyğun şərait olsa, 57 saylı Xaçmaz şəhər seçki dairəsini düşünürəm. Təbii ki, alternativlər də var. İştirak edəcəyim təqdirdə onların hər birini diqqətlə nəzərdən keçirəcəyəm”.
  A.Həsrətin fikrincə, indiki mərhələdə seçki prosesi sakit bir ortamda davam edir: “Xəbərləri izləyirəm. Dairədən çoxsaylı müraciətlər alıram ki, namizədliyimi irəli sürüm. Belə baxanda proses yetərincə normal gedir. Bir də tənqidçi gözüylə baxırıq biz. Bu baxımdan da nəsə problem görə bilmirik. Ümid edirəm ki, sonadək belə davam edəcək və dövlətimiz üçün xeyirli nəticələr olacaq”.