“Topaz” bir gəncin də evini “yıxdı”

Nisyə “şot”a 80 min manat pul qoyan şəxs uduzub



Bakı sakini "Topaz”da 80 min manat pul uduzub. Hadisə Nərimanov rayonu, A.Nemətullah küçəsi 49 Q-də yerləşən "Topaz” idman mərc oyunları məntəqəsində baş verib. 1988-ci il təvəllüdlü Taleh Musayev 80 min manat pulu oyunlara yazdırıb.

Amma T.Musayev "şot”u nisyə yazdırıb və məntəqəyə heç bir ödəmə etməyib. Məntəqəni işlədən Bakı şəhər sakini "zərərçəkən” İlqar Məmmədov isə polisə müraciət edərək uduzduğu pulu ödəmədiyinə görə, Musayevdən şikayətçi olub. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsində araşdırma aparılır. Məsələ ilə bağlı "Şərq”ə danışan tanınmış hüquqşünas Qurban Məmmədov deyib ki, qumar oyunlarının cəmiyyətə çox böyük ziyanı var: "Əhalisinin böyük əksəriyyəti müsəlman olan bir ölkənin vətəndaşlarına rəsmi şəkildə qumar oynatmaq olmaz. Qumarın hər növü dinimizdə haramdır. Mətbuatın gündəmə gətirdiyi hadisə sadəcə faktlardan biridir. Azərbaycanda "Topaz”a görə ailəsi dağılan, evi-eşiyi əlindən gedən, özünə qəsd edən minlərlə insan var. Buna görə də, "Topaz” təcili ləğv olunmalı, qadağan edilməlidir. Dövlət öz ərazisində qumar və hərrac xarakterli oyunların keçirilməsinə icazə verməməlidir. Konkret həmin fakta gəldikdə isə, əgər ortada rəsmi müqavilə varsa, uduzan şəxs ödəməni etməlidir. Amma başa düşməlidir ki, etdiyi hərəkət dinə və əxlaqa ziddir. Qoy, zəhmət çəkib günahının bədəlini ödəsin”.

Hüquqşünasın sözlərinə görə, vətəndaşlar fırıldaq yolu ilə soyulur: "Topaz”ı işlədənlər böyük maxinasiyalar edirlər: "Məntəqə sahibləri "Topaz”a pul qoyan adamların udma və uduzma şansını bilirlər. Bu oyunların təşkilində ciddi fırıldaq var. Mən bütün vətəndaşlarımızı "Topaz”la əməkdaşlıqdan imtina etməyə çağırıram. Əslində "Topaz”da pul qazanan şəxs heç vaxt o pulu tək udmur. Sizə bir məqamı deyim, hamı "Topaz”a pul qoyandan sonra, oyunun təşkilatçıları özləri də həmin variantları təkrarlayırlar. Tutaq ki, bir milyon variant yığılıb. Həmin variantların içindən təkrarlanan yüz min variantı götürürlər və öz adlarından onları yenidən yazırlar. Yəni istənilən uduşun hardasa 50 faizi təşkilatçının olur. Vətəndaşlar isə bunu bilmirlər, aldanırlar, bütün pulu qazandıqlarını hesab edirlər. Amma hamı bilsin ki, bu oyunlarda udan yalnızca "Topaz” şirkətidir. Bu şirkət heç vaxt zərərçəkmiş ola bilməz. Xalq pul qazanmaq üçün öz ağlına, zehninə və əməyinə güvənməlidir. Bir insan ki, özünün və ailəsinin taleyini 22 nəfərin ayağı altındakı rezin topdan asılı edir, o adamın həyatda yaşamaq haqqı yoxdur”.

İsmayıl