Döyüşdən dönən var: “Düşməni cəsarətimizlə məhv edirdik”

“Lakin sonra qürur qorxuya üstün gəldi”

“Topun, minatanın, tankın səsləri gəldikcə düşmənə demək istəyirdik: “Yenə atın!”


Son vaxtlar mərhum şair Məmməd Arazın “Vətən mənə “oğul” desə, nə dərdim, mamır olsa, qayasında bitərdim” misraları tez-tez yadıma düşür. İkinci Qarabağ müharibəsi dövründə hər şey məhz belə oldu:  Vətən öz oğullarını səsləndi. İgidlərimiz Onun çağırışını cavabsız qoymadılar. Əllərində avtomat otuz ildir torpaqlarımıza sancılməş çirkli caynaqları məhv etməyə getdilər. Və şükür ki, bunu layiqincə bacardılar. Düz 44 gün sonra bizə tarixi qələbə sevincini bəxş etdirən hərbçilərmizin hər biri indi təkcə bir ailənin yox, bütöv xalqın, millətin oğludur. Eləcə də 1990-cı il təvəllüdlü Vüqar Muradov. 

O, Bakı şəhərində anadan olsa da, əslən Qərbi Azərbaycandandır. 271 saylı tam orta məktəbdə təhsil alıb. Sonra isə Odlar yurdu universitetinin Ekologiya fakültəsində oxuyub. Ali təhsilini da başa vurduqdan sonra vətənə borcunu yerinə yetirən Vüqar beş ay əvvəl yenidən hərbi forma geyindi, əlinə silah aldı. 

Bu barədə “Sherg.az”a danışan qəhrəmanımızın sözlərinə görə, heç bir çətinlik onlara öz məqsədlərinə çatmağa əngəl ola bilməyib: 

“Yəqin, əslən ordan olmağımdan irəli gəlir ki, Zəngəzuru həmişə görmək istəmişəm. Bəlkə də, hər gün müharibənin başlanması və iştirakçı olmağım üçün dua edirdim. General-mayor Polad Həşimov şəhid olandan sonra dövlət başçısı İlham Əliyev gənclərə müraciət edərək bildirdi ki, isətəyənlər könüllü döyüşmək üçün qeydiyyatdan keçə bilərlər.

“Fürsət bu fürsətdir” dedim. Sentyabrın 21-i səhər saat 8 radələrində qapı döyüldü. Məni Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin Sabunçu rayon şöbəsinə apardılar.

İnanın, valideynlərimdən halallıq almağa da imkanım olmadı. Bütün yolu boyu qələbə ilə qayıtmaq üçün dua edirdim. Düşünürdüm ki, Allahdan gələn hər çətinlik özü bir nemətdir.

Sentyabrın 22-dən 26-dək təlim keçdik. Növbəti gün isə müharibə başladı. Vəzifəm baş sürücü idi. Fizuli istiqamətində hərəkətə başladıq.

Ardınca Cəbrayılda, Xocavənddə, Xocalıda, Şuşada döyüşdük. Düzdür, əvvəl təlaşlı idik. Lakin sonra qürur qorxuya üstün gəldi. Topun, minatanın, tankın səsləri gəldikcə düşmənə demək istəyirdik: “Yenə atın!”. Biz onları cəsarətimizlə məhv edirdik. Əlbəttə, çətinliklərimiz, məhdudiyyətlərimiz oldu. Bəzən uzanmağa da yer tapmırdıq. Ac, susuz, yuxusuz qalırdıq. Buna baxmayaraq, heç bir çətinlik bizə narahat etmirdi.

Çünki hər birimiz haqq yolunda olduğumuzu bilirdik. Şükür, istədiyimizə çatdıq, uğrunda canımızı verməyə hazır olduğumuz müqəddəs vəzifəni yerinə yetirdik- torpaqlarımızı azad etdik. Döyüşlərdə dişlərim sındı, həftələrlə çəkmədə qaldığı üçün ayaqlarım şişdi. Hazırda müalicə alıram”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu