Bir ömür xöşbəxtlik: Psixoloqların 10 tövsiyəsini təqdim edirik

 Doğru qərarlar vermək və onları həyata keçirmək sağlam ailənin təməl daşlarından biridir. Amma təkcə bu da deyil. Xoşbəxt ailəyə sahib olmaq və  evliliyinin ömrünü ömür bitənədək uzatmaq istəyənlər daha bir neçə şərtə əməl etməlidir. 
“Sherg.az” “NTV.com.tr”yə istinadən ailə psixoloqlarının 10 tövsiyəsini təqdim edir. Birincisi, ailə dəyərlərinə hörmətdir. Həm qadın, həm də kişi bərabər şəkildə ailəsinə hörmət etməli, ailə dəyərlərinə ciddi yanaşmalıdır. İkincisi, ailə ortamında əyləncəli olmaqdır. Qaraqabaqlıq, çox zaman fikirli, düşüncəli davranmaq qarşı tərəfə bezdirici və yorucu gəlir. Ailənin marağı azalır. Əyləncəli insanlar ailələrini daha möhkəm qoruyub saxlaya bilir. Təbii, bu, həyat yoldaşlarının xasiyyətinə bağlıdır həm də. Tədbirli həyat yoldaşları hətta əyləncəni sevməyən insanı da əyləndirməyi bacarırlar. Və bununla evliliyin dadını-duzunu artırırlar. Üçüncü şərt, səmimiyyətdir. Həyat yoldaşları bir-birinə qarşı nə qədər səmimi olarsa, evliliyin ömrü bir o qədər uzanacaq. Ailə məsuliyyətdir, bunu unutmayın. Dördüncüsü, həyat yoldaşlarının evlilikdən sui-istifadə etməməsidir. “Həyat yoldaşımsansa, bunu etməlisən”, tipli sərt davranışlar evlilik həyatını bitirə bilər. Beşinci şərt, ünsiyyət saxlamaqdır. Həyat yoldaşları bir-birinin problemi ilə maraqlanmalı, problemləri birgə həll etməyə çalışmalıdırlar. Ünsiyyət olmayacaqsa, bu, mümkünsüzdür. Altıncı şərt sevgi dilini bilməkdir. Həyat yoldaşının sevgi dilini - nəyi sevir, nədən xoşu gəlmir, bilirsinizsə,  bu, həyatınızı xeyli yüngülləşdirəcək. Yeddincisi, boşanmaqla təhdid edilməməkdir. Təhdidlər münasibətləri korlayır. Boşanmaq fikri olmayan, lakin bunu təhdid, təzyiq kimi istifadə edənlər istəmədikləri cavabı eşidə biləcəklərinə də hazır olmalıdırlar. Unutmayın, həyat yoldaşınızın səbri tükənə bilər. Səkkizinci şərt həyat yoldaşlarının biri-birini daim dəstəkləməsidir. Hətta yanınızda deyilsə də, onu dəstəkləməkdə və inanmaqda davam edin. Bu sizi rahatladacaq və ruhi təskinlik tapacaqsınız. Doqquzuncu şərt, evləndiyiniz şəxsin xasiyyətinin dəyişməsini gözləməmək və buna cəhd etməməkdir. Siz onun xasiyyətini bildiyiniz halda, evlənmisiniz. Əgər bəyənmədiyiniz xasiyyəti vardısa, “ailə qurandan sonra dəyişər”, kimi gözləntilər boş xəyallara qapılmaqdır. Həyat yoldaşını olduğu kimi qəbul etmək ən doğrusudur. Nəhayət 10-cu şərt romantikadır. Romantizmi canlı saxlamaq, münasibətlərin davamlı olmasına kömək edir. Fərqli vəziyyətlərə hazır, cəsur və dəyişkən olmağa çalışın. Bu, evliliyin ömrünü uzadacaq.