İstilər özü ilə birlikdə avtobuslarda kondisioner problemini də gətirib.
Havanın isti keçməsinə baxmayaraq, marşrutlarda sərinləndirmə sistemi işə salınmır.
Sərnişinlər bildiriblər ki, təzə avtobusların sürücüləri kondisionerləri işə salmağa icazə verilmədiyini deyirlər.
Köhnə avtobusların dərdi isə çəkiləsi deyil. İstidən artıq sürücülər də dilə gəliblər.
Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev “Sherg.az”a bildirib ki, “BakuBus”larda kondisonerlər 15 iyundan etibarən qoşulur:
“Keçən il hava şəraitinin isti keçməsi ilə əlaqədar olaraq 29 maydan etibarən kondisonerlər qoşulmuşdu. Bu ildə erkən istilər düşəcəksə, qərar dəyişərək kondisonerlərin qoşulma tarixi önə çəkilə bilər. Digər avtobuslarda kondisonerlərin olmaması bir çox daşıyıcıların vəziyyəti ilə bağlıdır. Bununla əlaqədar olaraq yeni biznes modeli olan brutto müqavilələrə keçid nəzərdə tutulub. İndiki planlı yanaşmada brutto müqavilədə hər kilometrə görə subsidiya nəzərdə tutulub. Bu keçid baş verdikdən sonra daşıyıcılara tələblər daha sərt olacaq. Bu kimi neqativ hallar və narazılıqlar aradan qalxacaq”.