Seymur Əliyev: “Bu qələbə Azərbaycan ordusunun “Dəmir yumruğ”unun ilk əyani nümayişi oldu”
Bu gün aprel döyüşlərinin növbəti ildönümüdür. Bu münasibətlə saytımıza açıqlama verən Respublika Veteranlar Təşkilatının mətbuat katibi Seymur Əliyev, aprel döyüşlərinin sadəcə hərbi deyil, həm də mənəvi-psixoloji aspektdən mühüm rol oynadığını qeyd edib:
“2016-cı ilin aprel döyüşləri, bu döyüşlər zamanı ordumuzun bir sıra yüksəklikləri, yaşayış məntəqələrini düşməndən azad etməsi hərb tariximizin şanlı səhifələrindən birini təşkil edir. Çünki məhz bu döyüşlər zamanı Azərbaycan ordusunun işğalçı ordudan istər hərbi-texniki, istər peşəkarlıq baxımından əhəmiyyətli dərəcədə üstün olduğu praktiki şəkildə öz təsdiqini tapdı. Düşmənin uzun illərdir ki, müxtəlif mühəndis-istehkam qurğuları ilə möhkəmləndirdiyi, çətin coğrafi relyefə uyğunlaşdırdığı müdafiə xəttini bir həmlə ilə yarıb keçən Azərbaycan ordusu, onun qəhrəmanlığı qarşısında heç bir istehkamın davam gətirmədiyini bütün dünyaya sübut etdi.
Aprel qələbəsi Ermənistan ordusunu sadəcə hərbi baxımdan deyil, həm də mənəvi-psixoloji baxımdan da sarsıtdı, Azərbaycan ordusunun gücünə, onun yenilməzliyinə olan inamı artırdı. Bu, uzun sürən fasilədən sonra xalqımızın yaşadığı ilk qalibiyyət sevinci idi. Aprel döyüşlər zamanı əldə etdiyimiz qələbə, ruh yüksəkliyi və inam 2020-ci ildə böyük qələbənin əldə edilməsində mühüm rol oynadı. Bu baxımdan aprel döyüşlərini 44 günlük Vətən müharibəsinin – Böyük Zəfərin ilk qaranquşu, onun ruh və inam simvolu hesab etmək olar”.
Seymur Əliyev qeyd edib ki, aprel zəfəri özünü 2020-ci ildə bütün əzəməti ilə göstərən “Dəmir yumruq”un ilk nümayişi hesab edilə bilər:
“Əslində 2016-cı ilin aprel döyüşləri, bu döyüşlər zamanı ordumuzun düşmənə tutduğu divan ordumuzun sonrakı uğurları üçün təməl daşı rolunu oynadı. Düşmən ilk dəfə aprel döyüşlərində Azərbaycan ordusunun məhvedici gücünü öz üzərində hiss etdi, onun necə böyük, qarşısıalınmaz olduğunu anladı. Bu baxımdan aprel döyüşləri Azərbaycan ordusunun “Dəmir yumruğ”unun ilk əyani nümayişi hesab edilə bilər. Hansı ki, bütün dünya 44 günlük Vətən müharibəsində bu yumruğun nə qədər möhkəm, nə qədər qətiyyətli, nə qədər dağıdıcı olduğunu gördü. Və istər 2016-cı ilin aprel, istərsə də 2020-ci ilin Vətən müharibəsində Azərbaycan xalqı, Azərbaycan ordusu və bu ordunun Ali Baş Komandanı, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bu tarixi zəfərlərin baş memarı rolunda çıxış etdi.
Azərbaycan xalqı ölümün gözünə dik baxan, vətən uğrunda öz canını sevə-sevə fəda edən şəhidləri hesabına sübut etdi ki, o, öz torpaqlaırnın bir qarışını belə kimsəyə güzəştə getmək niyyətində deyil.
Azərbaycan xalqı öz qəhrəman oğulları hesabına sübut etdi ki, ona xor baxan, onun səadətinə qəsd edən qüvvələrə ölümdən başqa pay edəcək heç nəyi yoxdur.
Nəhayət, Azərbaycan xalqı sübut etdi ki, ona düşmənçilik edən, onu məhvə, fəlakətə sürəkləməyə çalışan hər kəsi elə öz qanında boğmağa qadirdir və bu prinsip bundan sonra da dəyişilməz olaraq qalacaqdır”.