Bundan sonra vasitəçi ölkələr Qarabağa dair proseslərdə hər hansı formada iştirak edə bilməz
“Minsk qrupunun həmsədr ölkələrinin Azərbaycandakı səfirlərinin Füzuli və Şuşaya səfərdən imtina etmələrinə təəccüblənmək lazım deyil. Çünki bu qrup ilk başdan ədalətin təntənəsi üçün yaradılmayıb”. Bu sözləri “Şərq”ə Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib. Partiya rəhbəri bildirib ki, təəccüb o zaman olardı ki, indiyə kimi yanımızda olan qəfildən bizdən üz döndərərdi: “Torpaqlarımızın işğal altında qaldığı 30 ilə yaxın müddətdə həmsədrlərdən hansı ədalətli mövqe gördük ki, onların növbəti ədalətsizliyini görəndə heyrətimizi, təəccübümüzü və təəssüfümüzü ifadə edək? Əksinə, davranışın şahidi olsaydıq, onda təəccüblənərdik.
Həmsədrlər səfərdən imtina etmələri ilə əslində öz ənənəvi mövqelərini davam etdirdiklərini bir daha nümayiş etdirdilər. Diplomatlar Şuşaya səfərdən imtina etməklə güya “tərəfsizlik” və “obyektivlik” nümayiş etdirmək istədilər. Lakin əsl həqiqətdə isə onlar məhz bu hərəkətləri ilə ədalətsizliyin yanında durduqlarını göstərdilər və tərəflərini bəlli etdilər”.
Ə.Hüseynovun fikrincə, səfirlərin bu hərəkətinin bir yox, bir çox izahları var:
“Onların Şuşaya getməkdən imtina etməsi həm siyasi və diplomatik nəzakətsizlikdir, həm də təmsil etdikləri ölkələrin hər zaman “ikili standartlar” siyasəti yürütmələrinin əyani təzahürüdür. Eyni zamanda həm Minsk qrupunun varlığını bu və ya digər şəkildə qoruyub saxlamaq cəhdidir. Bilavasitə özlərinin təklif edib qəbul etdikləri beynəlxalq hüquq normalarına qarşı açıq şəkildə hörmətsizlikdir. Bu cür riyakar yanaşma ilə ATƏT və onun həmsədrləri postmüharibə dönəmindəki proseslərə heç bir töhfə verə bilməz. Minsk qrupu bundan sonra Qarabağa dair proseslərdə hər hansı formada iştirak etmək iddiası ilə çıxış etməməlidir. Ermənistanı dəstəkləyən ölkələrin bizim işlərimizə qarışmağa nə mənəvi haqqı, nə də siyasi-hüquqi haqları çatır”.