Amil Avoğlu: “Həqiqətin bir üzü, mətbuatın isə dörd və daha çox üzü var”

“Redaksiyalar bir növ işsizlərin toplaşdığı məkana çevrilməməlidir”



Bu gün tanınmış şair-jurnalist Amil Avoğlunun ad günüdür. O, 28 yanvar 1953-cü ildə Qazax rayonunun Qazaxbəyli kəndində anadan olub. Sazlı-sözlü bölgədə doğulduğundan ədəbiyyata maraq da onda elə uşaq yaşlarından yaranıb. Gəncliyində az sayda çıxan bədii qəzet və jurnalları daha çox oxuyub. Şifahi xalq ədəbiyyatını öyrənə-öyrənə bədii yaradıcılığa qədəm qoyduğunu vurğulayan müsahibimiz orta məktəbdə oxuduğu illərdə artıq kiçik bir dairədə də olsa, şair kimi tanınıb.


Hətta Qazax şəhər 1 saylı orta məktəbdə buraxılış imtahanı zamanı inşa yazısını da şeirlə yazıb, "5” alıb. Bu dünyaya şeir yazmaq üçün gəldiyini deyən A.Avoğlunun elə uşaqlıqdan arzusu tanınmaq və Səməd Vurğun kimi böyük şair olmaq idi: "Əslində o vaxtın gənc şairlərinin hamısı Səməd Vurğun kimi böyük şair olmaq istəyirdi. Amma bizim heç birimiz Səməd Vurğun ola bilmədik. Bu bir növ Şekspirlə oğlunun məşhur söhbətinə oxşayır. Deməli, Şekspir bir gün oğlundan soruşur ki, sən kim olmaq istəyirsən? Oğlu da deyib ki, Şekspir olmaq istəyir. Şekspir qayıdıb ki, mən Allah olmaq istədim, ancaq Şekspir oldum, sən Şekspir olmaq iddianla hara gedib çıxa bilərsən? Düzdür, mənim də könül oxşayan misralarım, hansısa dairələrdə bəyənilən, müəyyən qədər təsir gücünə malik şeirlərim var. Amma yaşım artıq Səməd Vurğun yaşını ötsə də, mən o zirvəyə ucala bilmədim”.

Qeyd edək ki, Amil Avoğlu uzun illər mətbuatda çalışıb, müxtəlif qəzet və jurnallarla əməkdaşlıq edib. Yüzlərlə ictimai-siyasi əhəmiyyətli yazıların və üç kitabın müəllifidir. Amil Avoğlu qələmi Azərbaycan jurnalistikasının üzləşdiyi problemlərdən də yan keçməyib. Yeri gəldikcə yazılarında problemi doğuran məsələlərə kəskin münasibətini sərgiləyib və jurnalistikamızın doğru yolla inkişafına kiçik də olsa öz dəstəyini verməyə çalışıb. "Müasir Jurnalistikamızın problemləri” adlı kitabında müəllifin bu səpkidən olan yazılarının bir qismi öz əksini tapıb.

"Şərq”ə müsahibəsində ixtisasca filoloq olduğunu vurğulayan Amil Avoğlu jurnalistika fakültəsinə qəbul üçün keçirilən müsabiqədə qalib olsa da, arxasınca getməyib:



"Orta məktəbi bitirən ili Azərbaycan Jurnalistlər İttifaqı, "Azərbaycan gəncləri” qəzeti və ADU-nun (indiki BDU) Jurnalistika fakültəsi "Jurnalist, jurnalist, jurnalist” adlı birgə müsabiqə elan elədilər. Bu müsabiqədə qalib gələn orta məktəb məzunları böyük bir güzəştlə fakültəyə qəbul olunacaqdılar. Mən də bu müsabiqədə iştirak etdim və həyatımda ilk dəfə reportaj yazdım. Aradan bir müddət keçəndən sonra "Azərbaycan gəncləri” qəzetində müsabiqənin nəticələri elan olundu və mənim adım 17 qalib arasında 7-ci idi. Ümumilikdə isə müsabiqəyə 170 yazı təqdim olunmuşdu. Ancaq jurnalistika fakültəsinə qəbul üçün imtahanları gözləmədim. Özümü yoxlamaq üçün imtahanları bir qədər tez başlayan Filologiya fakültəsinin axşam şöbəsinə imtahan verdim və qəbul olundum. İndi peşiman deyiləm. Çünki jurnalistika özü də filologiyanın bağrından qopub. Təhsilimi başa vurduqdan sonra bütün ədəbi fəaliyyətimi jurnalistikaya həsr etmişəm. Mətbuata can atmağımın səbəbi də o vaxt ədəbi qüvvələrin böyük əksəriyyətinin mətbuatda çalışması ilə bağlıdır. Mətbuatda sıravi müxbirdən tutmuş, baş redaktor vəzifəsinə qədər yüksəlmişəm. Publisistika ilə yanaşı, bədii yaradıcılığımı da davam etdirirdim. 1982-ci ildən 1989-cu ilə qədər "Müxbir” jurnalında çalışdım. Demək olar ki, jurnalistikanın bütün sirlərini, məhz bu mətbu orqanda öyrəndim. "Müxbir” jurnalı bir növ mənim üçün akademiya rolu oynayıb.

1990-cı ildən sonra isə bizim jurnal "Açıq söz” adı ilə nəşr olunmağa başladı. Ölkədə mürəkkəb bir dövr idi. Azadlıq hərəkatı get-gedə daha böyük vüsət almaqda idi. Hamı küçələrə axın edib, müstəqillik uğrunda mübarizə aparırdı. Azadlıq meydanı hər gün dolub-boşalırdı.

Bütün bunlar məni bədii yaradıcılığa bir qədər ara verib daha çox publisistik yazılar yazmağa vadar etdi. Xüsusən 1990-cı ildə ölkəmiz informasiya blokadası şəraitində yaşayırdı və xalqı ruh düşkünlüyündən çıxarmaq, Azərbaycanda yaşanan həqiqətləri dünya ictimaiyyətinə, beynəlxalq aləmə çatdırmaq lazım idi. Gecə saatlarına qədər işləyirdik. Xəbərləri vaxtlı-vaxtında çatdırmaq üçün ordan-bura, burdan-ora qaçırdıq. Materialları çox vaxt dizimizin üstündə hazırlayırdıq. Mənim yazdığım məqalələr "Azadlıq”, "Amerikanın səsi”, "BBC” radiostansiyaları tərəfindən səsləndirilirdi. Təbii ki, tək mənim yox, o cümlədən də həmkarlarımın. Bəlkə də o yazılar olmasaydı, insanlarımız mənəvi cəhətdən sınardı. Əslində jurnalistika asan peşə deyil. Bəlkə də elə ən çətin sahədir. Əsl jurnalist yazılarına ürəyini, canını, qanını verir. Elə buna görədir ki, jurnalistlər daha həssas, daha emosional olurlar. Şeirlərimin birində yazmışam:

Həssaslıq zülümdür, səadət deyil,
Ömrümə günümə o qəsd eləyib.
Hayıf çoxlarını məhəbbət deyil,
Nəfsinə qul olmaq həssas eləyib.

Jurnalist heç bir halda nəfsinə qul olmamalıdır, gördüyü həqiqətləri yazmalıdır. Bunun üçün də hər bir media nümayəndəsi peşə məsuliyyətini və vəzifə borcunu dərk etməlidir.

- Müstəqillik dövrü mətbuatının keşməkeşli yollarından söz açdınız. Bəs, indiki mətbuatımızın durumunu necə dəyərləndirirsiniz?

- Bu günkü jurnalistlər mətbuata bizim kimi həvəs və məsuliyyətlə yanaşmırlar. Jurnalistikanın peşə etikasına və prinsiplərinə riayət edən çox az sayda gündəlik mətbuat orqanlarının adını saymaq olar. Demək olar ki, əksər yazılarda redaktor dəsti-xətti görünmür. Yazılar baş-ayaq formada gedir, cümlələrin nə əvvəli, nə axırı bilinir. Mövcud problemlərə laqeyd qala bilmədiyim üçün də yeri gəldikcə bu mövzulara toxunuram. Bilirsiniz ki, sözügedən yazılarımın bir qismi "Müasir jurnalistikamızın problemləri” adlı kitabımda yer alıb. Məni narahat edən ən ciddi məsələlərdən biri bəzi jurnalistlərimizin dilimizə biganə yanaşmasıdır. Dil bizim əsas dövlət atributlarımızdan biri, bəlkə də birincisidir. Bir vətəndaş və jurnalist olaraq dilimizin saflığını qorumaq və onun qayda-qanunlarına əməl etmək hər birimizin vəzifə borcudur. Amma çox təəssüflər olsun ki, qəzet və jurnalların sayı artdıqca, jurnalistikaya da qeyri-peşəkarların axını çoxalmaqdadır. Mətbuatda işləmək istəyən adamlar Azərbaycan dilini mükəmməl bilməli və bu dildə səlis yazmaq keyfiyyətlərini özündə inkişaf etdirməlidir.

- Reket jurnalistikaya qarşı mübarizə bu il daha geniş vüsət aldı, həbs olunanlar oldu. Sizcə, bu yolla problemi aradan qaldırmaq mümkündür?

- Düzdür, jurnalistlərə kifayət qədər azadlıqlar verilib. Kim nədən istəsə yazır. Heç bir qorxu-qadağa yoxdur. İstənilən vətəndaş qəzet, jurnal təsis edib yaymaq hüququna malikdir. Bu bir tərəfdən demokratiyanın göstəricisidir. Digər tərəfdən isə mətbuatda "bespredel” yaratmaqdadır. Qəzet redaktorlarının, demək olar ki, böyük əksəriyyəti mətbuatdan xəbərsizdir. Başlıcası isə odur ki, onlar yazmaqdan başqa hər şeyi çox gözəl bacarırlar. Aralarında dövlət işindən qovulmuşlardan tutmuş, bazar alverçilərinə qədər hər zümrədən insanlar var. Kim iş tapa bilmirsə, qəzetlərə üz tutur, son bir neçə ildə isə saytlara daraşmağa başlayıblar. Redaksiyalar bir növ işsizlərin toplaşdığı məkana çevrilməməlidir. Burda istedadlı, yazıb-yaratmaq həvəsli insanlar toplaşmalıdır.

Yazı yazmaq qabiliyyətindən uzaq reket jurnalistlər dolanışıqlarını təmin etmək üçün təsis etdikləri qəzet-jurnallara elə gurultulu adlar verirlər ki, məmurlar qeyri-ixtiyari olaraq onları razı yola salmaqdan başqa çıxış yolu görmürlər. Yəni qanunda mövcud olan boşluqlar bu tip mətbuat orqanlarının meydana çıxmasına şərait yaradır. Mətbuat Şurası vaxtaşırı reket jurnalistlərini ifşa edib ictimai qınaq hədəfinə çevirir. Lakin yenə də görürsən ki, dəyirman bildiyini edir, çax-çax öz başını ağrıdır.

- Sizcə, internet medianın gücü artdıqca qəzet sıradan çıxacaq kimi iddialar nə dərəcədə inandırıcıdır?

- Qəzetlər heç vaxt sıradan çıxmayacaq. Müəyyən bir dövr gələcək ki, qəzetlərin əvvəlki nüfuzu özünə qayıdacaq. Dünyanın hər yerində qəzetlər bu gün də cəmiyyətdə böyük təsir gücünə malikdir. Hansısa bir qəzetdə haqqında tənqidi yazı getdikdə istənilən məmur istefa ərizəsini yazır. Bizdə də bu mədəniyyətin formalaşmağını istərdim.
Jurnalistikada ixtisaslaşmanın bir o qədər də tərəfdarı olmadığını deyən A.Avoğlu hesab edir ki, mətbuat nümayəndəsi hərtərəfli olmalı və ona verilən bütün tapşırıqları yerinə yetirməlidir: "Jurnalist "mən siyasət yazarıyam, sosialdan yaza bilmirəm, mədəniyyət mənim sahəm deyil” kimi ifadələrdən mümkün qədər uzaq durmalıdır. Ən önəmli məsələlərdən biri də mətbuatın həqiqəti yazmasıdır. Özü də qərəzsiz şəkildə. Mən həmişə demişəm, həqiqətin bir üzü, mətbuatın dörd və daha çox üzü var. Onun hər üzü, yəni hər bir səhifəsi həqiqəti əks etdirməlidir. Belə olduqda mətbuat orqanı heç vaxt hörmətdən, nüfuzdan düşməyəcək”.

Şəymən

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb