Quşlarla təyarənin toqquşması nadir hal deyil: “Pilot kabinasına çırpılıb, xəsarət yetirirlər” - AKTUAL

"Keçən il analoji hadisə İsveç hərbi təyarəsi ilə baş vermişdi. Pilot xəsarət alsa da, katapult edə bilmişdi"



İyulun 24-də saat 22 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları həyata keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 tipli döyüş təyyarəsinin uçuşun bort qeydiyyatçısındakı (“qara qutu”dakı) məlumatlar və uçuşun aparılması ilə bağlı digər texniki sənədlər mütəxəssislər tərəfindən təhlil edilərək öyrənilib. Müdafiə Nazirliyi bununla bağlı açıqlama verib

Məlumatda qeyd olunur ki, müdafiə nazirinin əmrinə əsasən qəzanın səbəblərinin müəyyən edilməsi ilə bağlı yaradılan “Aviasiya hadisəsinin araşdırılması komissiyası”nın gəldiyi son rəyə görə təlim-məşq uçuşlarına cəlb edilən təyyarə qəzaya uğrama anına qədər döyüş qabiliyyətli və tam saz vəziyyətdə olub: “Hadisənin baş vermə səbəblərinin öyrənilməsi onu da göstərib ki, təyyarə Xəzər dənizinə düşməzdən əvvəl havada yad cisimlə (quş və ya quş dəstəsi) toqquşub və pilot xəsarət alıb. 
“Qara qutu”dan əldə edilən məlumatlara əsasən pilot qəzanın qarşısını almaq məqsədilə təyyarənin idarəolunmasını bərpa etməyə cəhd göstərib. Lakin pilotun aldığı ağır bədən xəsarəti bunu mümkünsüz edib və nəticədə aviasiya vasitəsinin qəzaya uğramasına gətirib çıxarıb.Bəzi kütləvi informasiya vasitələrində aviasiya vasitələrinin gövdəsində yerləşən bort qeydiyyatçısında (“qara qutu”sunda) olan məlumatların oxunması üzrə ölkəmizdə mütəxəssislərin və xüsusi avadanlığın olmaması barədə əsassız iddialar yer alıb.Bildiririk ki, hər uçuşdan sonra “qara qutu”dakı məlumatlar peşəkar aviasiya mütəxəssislərimiz tərəfindən xüsusi laboratoriyada öyrənilir, təhlil edilir, uçuş barədə informasiya müəyyənləşdirilir və bunun nəticəsində hərbi pilotun qarşıya qoyulan tapşırıqları necə icra etməsi və aviasiya vasitəsinin texniki vəziyyəti barədə tam təsəvvür yaranır.Bütün bunları nəzərə alaraq, məlum məsələyə dair qeyri-peşəkar şərhlərə və əsassız iddialara son qoyulmasını məqsədəuyğun hesab edirik”.

Amma bəzi sosial şəbəkə istifadəçiləri və qondarma ekspertlər  başqa “səbəb”lər göstərməyə, rəsmi məlumata inamsızlıq yaratmağa cəhd göstərirlər. Peşəkar olmayan sosial şəbəkə qəhrəmanları yazırlar ki, təyyarə quşa dəyə bilməzmiş. Halbuki mütəxəssislər bu cür qəzalardan kimsənin sığortalanmadığını deyirlər. 

MiQ-29 –un “qara qutusu”nun oxunması ilə bağlı Müdafiə Nazirliyinin açıqlamasına münasibət bildirən hərbi ekspert, ehtiyyatda olan polkovnik-leytenant Nazim Bayram Sherg.az-a deyib ki, pilotun katapult anını gecikdirməsi ehtimalını ilk gündən irəli sürübmüş:

 “Təcrübəli pilot üçün təyarəni xilas etmək şərəf məsələsidir. Döyüş maşını uğrunda sonacan mübarizə aparmış şərəfli zabit Rəşad Atakişiyevə Allahdan rəhmət diləyirəm. Qəzanın səbəbinə gəlincə, komisiyanın rəyini şübhə altına almaq üçün əsasım yoxdur. Quşlarla təyarələrin toqquşması hadisələri nadir hal deyil. Hər il dünyada beş mindən çox quşlarla təyarələrin toqquşma hadisəsi qeydə alınır və müxtəlif dərəcəli qəzalar baş verir. Uzağa getməyək, bir neçə gün əvvəl quşların mühərrikə düşməsindən "Ural Avialiniyaları" kampaniyasının təyyarəsi qəza halında qarğıdalı sahəsinə eniş etdi. Bəzən isə quşlar pilot kabinasına çırpılırlar. Baxmayaraq ki, quş adi halda kiçik və yumşaq cismdir, təyyarənin yüksək sürətinə görə bəzən pilotlara ciddi xəsarətlər yetirir. Keçən il analoji hadisə İsveç hərbi təyarəsi ilə baş vermişdi. Pilot xəsarət alsa da, katapult edə bilmişdi”.

Ekspert qeyd edib ki, Müdafiə Nazirliyinin komissiyasının rəyini kim nə niyətlə şübhə altına alırsa, yanılır:

“Ümumən yüksək sürətlə hərəkət edən təyyarəyə quşun çırpılmasına və bunun nəticəsində pilotun xəsarət ala bilməsinə lağ-lağı etmək sadəcə avamlıq və avarıçılıq deyil, aqressiv nadanlıqdır. Bunu etməsinlər”.