Restoranlar havanı zəhərləyir: "Sahibkarlar zəhmət çəkib işlərini normaya uyğun qurmalıdırlar" - AKTUAL

"Onlara başa salmalıyıq ki, 9 mərtəbəli binanın qarşısında restoran tikib tüstüləri binaya ötürmək olmaz"



Havaya atılan tullantıların azaldılması və normalara cavab verməsi istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ictimai-iaşə obyektlərində monitorinqlərin və təmizləyici qurğuların quraşdırılması məqsədilə görülən kompleks tədbirlərin nəticəsi olaraq artıq restoran və şadlıq saraylarının 95 faizində qurğular quraşdırılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bəzi restoranlardan havaya tüstünün, iy-qoxunun yenidən yayılması müşahidə olunduğundan ictimai-iaşə obyektlərində növbəti monitorinqlər keçirilib. Monitorinqlər zamanı bir sıra şadlıq sarayları və restoranlarda təmizləyici qurğuların quraşdırılmasına baxmayaraq, onlara vaxtaşırı xidmət göstərilmədiyindən havaya yenə də normadan artıq tullantı atıldığı məlum olub.Qurğulara vaxtında texniki xidmətin göstərilməsi, filtrlərin vaxtaşırı dəyişdirilməsi üçün obyekt sahiblərinə xəbərdarlıqlar edilib, icrası məcburi olan “məcburi göstəriş”lər verilib. 
“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqli Sherg.az-a bildirdi ki, təmizləyici qurğuları almaq sahibkarların boynuna düşür.
Onun sözlərinə görə, bunun üçün müəyyən maariflənmə işi aparılmalıdır: “Məsələn sahibkar istəyir ki, 10 manat sərmaye qoysun, sonra isə müəyyən xeyir götürsün. Lakin o başqalarına narahatlıq verərək bu qazancı əldə edirsə, onun qazandığı pul halal deyil. Restoran və şadlıq evlərində hansısa qurğuların quraşdırılmasını niyə dövlət həyata keçirməlidir ki? Restoran sahibləri əziyyət çəkib təmizləyici qurğuları öz obyektlərində quraşdırmalıdır. Amma bütün bunlarla yanaşı sahibkarlar arasında maarifləndirmə işi aparmalıyıq və onlara başa salmalıyıq ki, 9 mərtəbəli binanın qarşısında restoran tikib tüstüləri binaya ötürmək olmaz. Ümumiyyətlə belə hallar etik qaydalara sığışmır.
Həmçinin bu məsələ ilə bağlı qabaqcadan müəyəyn parametrlər ölçülməlidir. Məsələn, 9 mərtəbəli binanın 10 metrliyində restoran tikməyə icazə verilməsin. Bu günə qədər binaların yaxınlığında restoranların tikintisinə göz yumulub. Nəticədə xoşagəlməz hallar baş verir. Ümumiyyətlə bu məsələdə kompleks tədbirlər görülməlidir ki, ekoloji problemlər həll olunsun”.