“Turistə birdəfəlik qazanc mənbəyi kimi baxmaq düzgün deyil” - Fantastik hesablar... 

Bakıdakı gecə klublarından birində ərəb turistlərə 6340 manatlıq hesab təqdim olunub. Sosial şəbəkələrdə hesabı əks etdirən foto paylaşılıb.




Son vaxtlar buna bənzər hallara tez-tez rast gəlinir. Müxtəlif məkanlara təşrif buyuran turistlərə ölkəmizdəki istirahət və əyləncə mərkəzlərində fantastik hesabların təqdim olunmasını əks etdirən fotolar  yayılır. Xatırladaq ki, bir müddət öncə paytaxtdakı kafelərin birində nahar edən ərəblər 1143 manat pul ödəyiblər. Bundan əvvəl isə Qəbələdə qəlyanaltı ərəb turistlərə 617 manata başa gəlib.

Ölkəmizdə turizmin inkişafı üçün zaman-zaman müəyyən tədbirlər görülür. Lakin bəzi sahibkarlar turistlərdən istifadə edərək onlara yalnız birdəfəlik qazanc mənbəyi kimi baxırlar. 



Mövzu ilə bağlı “Sherg.az”a danışan iqtisadçı-ekspert Natiq Cəfərli qeyd etdi ki, dünyanın bir çox ölkələrində bahalı klublar var.

İqtisadçının sözlərinə görə, menyuda təqdim olunan qiymətlə hesablama aparılmayıbsa, bu zaman sahibkar məsuliyyətə cəlb oluna bilər:

“Parisdə, Milanda, Nyu-Yorkda elə klublar var ki, orada bir kokteyl 10 min dollardır. Sözügedən hesabda söhbət müştərini aldatmaqdan gedirsə, məsələn menyuda bir qiymət yazıb onu başqa qiymətlə hesablayıb daha artıq pul alıblarsa, bu istehlakçının hüququnun pozulması deməkdir. Bunun isə ən yüngül cəzası böyük məbləğdə cərimədir. Ən azından fiziki və hüququi şəxslərin həmin gecə klubu ilə bağlı məsuliyyətə cəlb olunub ciddi cərimələnməsi lazımdır. Mütəmadi olaraq bu hal davam edirsə, hətta dələduzluq maddəsi ilə cinayət işi açıla bilər. Yox əgər həmin klubda hansısa bahalı konyak və yaxud spirtli içki varsa və bunu menyuda göstəriblərsə, müştəri anlamadan həmin içkini seçibsə, bu ikinci dərəcəli məsələdir. Amma məhz həmin məhsulu seçibsə və sonradan qiymət baha gəlibsə, gecə klubunu ancaq bir məsələdə məsuliyyətə cəlb etmək olar. O da həmin qazancının vergisini verib-verməməyidir. Klub sahibi dövlətə vergi verirsə, heç bir problem yoxdur və klubda istədiyi qiyməti qoya bilər. Amma vergisini ödəməlidir. Dövlət nə gecə klublarının, nə də restoranların qiymət siyasətinə qarışır, qarışa da bilməz. Çünki bazar iqtisadiyyatının qaydaları bunu tələb edir. Yox əgər bu dələduzluq, insan aldatmaqdırsa və turistin anlamayacağını hesab edib ona kələk gəlmək kimi bir iş varsa, fantastik hesablar  araşdırılmalı, lazımlı şəxslər cəzalanmalıdır. Bunun başqa alternativi yoxdur”.

İqtisadçının qənaətincə, ümumilikdə ölkəmizdə turistlərə münasibət dəyişməlidir:

“Azərbaycanda iş adamları və sadə vətəndaşlar turistə birdəfəlik qazanc mənbəyi kimi baxırlar. Amma bu düzgün yanaşma deyil. Belə yanaşmanı dəyişmək üçün həm sosial layihələrə, həm də insanların bilgiləndirilməsinə ehtiyac var. Davamlı şəkildə turizmdən pul qazanmağın daha sərfəli və dayanıqlı olmasını sübut etmək lazımdır. İnsanlar bunu başa düşərlərsə və gündəlik qazanclarının böyük bir hissəsini turizmdən qazandıqlarını hiss edərlərsə, xoşagəlməz hallar gündəmdən çıxacaq. Çünki Azərbaycan vətəndaşları arasında turizmdən birbaşa pul qazanan insanların sayı çox azdır. Rəsmi rəqəmlərə görə, turizmə xidmət sahəsində cəmi 22-23 min insan çalışır.

Amma qonşu Gürcüstanda əhalinin 27 faizi turizmdən pul qazanır. Onlar gündəlik olaraq turizmdən pul qazandıqları üçün turisti aldatmaq yox, daha çox turist əldə etmək üçün çalışırlar. Bu məsələlərin köklü həllində fundamental yanaşmaya ehtiyac var”.