Azərbaycan sosial-iqtisadi islahatların dinamikliyinə görə dünyada ilk sıralarda dayanır

“Azərbaycanda son 10 ildə müxtəlif sahələrdə çoxistiqamətli formada geniş islahatlar aparılır”.  Bunu Sherg.az-a açıqlamasında “İslahatçı Gənclər” İctimai birliyinin sədri Fərid Şahbazlı deyib. 

Birlik rəhbəri bildirib ki, həyata keçirilən islahatlar konkret nəticələrini son illərdə daha aydın şəkildə göstərir: 

“Vurğulandığı kimi xüsusən bu il ərzində həm əmək haqqlarının, həm də təqaüdlərin artırılmasında nəzərə çarpacaq dəyişiklik hiss olunur. Şübhəsiz ki, atılan addımların hamısı ölkədə iqtisadi-sosial dayanıqlığın möhkəmlənməsinə, eyni zamanda əhalinin iqtisadi rifah halının yüksəldilməsinə xidmət edir. Dünyada iqtisadi tempi bu cür yüksək olan, sürətlə inkişaf edən ölkələrin sayı çox azdır. Təsadüfi deyil ki, beynəlxalq təsisatların hesabatlarında da Azərbaycanın sürətlə inkişaf etməsi xüsusi olaraq vurğulanır”. 



F.Şahbazlının sözlərinə görə, Azərbaycan həqiqətən də inkişaf tempinə və sosial-iqtisadi islahatların dinamikliyinə görə dünyada ilk sıralarda dayanır: 

“Ölkəmizdə tətbiq olunan sosial-iqtisadi model bir çox qabaqcıl dövlətlərə nümunə olacaq səviyyədədir. Azərbaycanda birmənalı olaraq sosial dövlət siyasəti həyata keçirilir. Hökumət əhalinin rifah halının daim yüksəldilməsini diqqət mərkəzində saxlayır. Bu diqqət yalnız maaş və təqaüdlərin artırılması ilə deyil, eyni zamanda müxtəlif sosial qruplara dövlət qayğısının göstərilməsi yolu ilə həyata keçirilir. Vətəndaşların yüksək səviyyədə yaşayışı təmin olunur. Məhz bu baxımdan dövlət büdcəmiz hər il sosial ağırlıqlı olur. Əlbəttə ki, Prezidentin bu addımları xalqımız tərəfindən çox yüksək qiymətləndirilir”.