Metropoliten deputatın iradına cavab verdi: "...Bıçağı cibində hər yerə apara bilərdi"

Millət vəkili Aytən Mustafazadə Binəqədi rayonundakı “Avtovağzal” metrostansiyası yaxınlığında baş verən cinayətdən danışıb. Deputat xanım qeyd edib ki, uşağın gözü önündə ərin arvadını qətlə yetirməsi qəddarlıqdır:

“Biz necə cəmiyyətdə yaşayırıq? Bir kişi tapılmadı ki, ona bir-iki yumruq vursun, cinayətdən çəkindirsin?!

Onu da deyim ki, bu gün metroda yoxlamalar ciddi aparılmır. Necə olur ki, şəxs metroya bıçaqla daxil olur?! Məgər metroda polislər yoxdur?! Onlar hara baxır?! Xahiş edirəm ki, bu məsələlərlə bağlı nəsə edək. Belə olmaz”.

Xatırladaq ki, Bakıda ər arvadını qətlə yetirib. Binəqədi rayonunda, “Avtovağzal” metrostansiyası yaxınlığında Nicat Abdullayev küçədə həyat yoldaşı Leyla Abdullayevanı uşaqlarının gözü qarşısında bıçaqlayıb. L. Abdullayevaya 20 bıçaq zərbəsi vurulub. Qadın hadisə yerində həyatını itirib. Hadisəni törədən N. Abullayev Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Hadisə yerinə Binəqədi Rayon Prokurorluğunun əməkdaşları cəlb edilib. Hadisə zamanı istifadə edilən bıçaq maddi sübut kimi götürülüb. 



Bəxtiyar Məmmədov: "Bu qədər sərnişinə nəzarətin aparılması mexanizmlərlə mümkün deyil"


Millət vəkilinin fikirləri ilə bağlı Sherg.az-a danışan Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirdi ki, Bakı Metropoliteni təhlükəsizliyinə görə sayılıb seçilən müəssisələrdəndir.

Qurum rəsmisi qeyd etdi ki, metropolitendə təhlükəsizliklə bağlı tələblərə həmişə əməl olunub və bundan sonra da əməl olunacaq:

“Metroda təhlükəsizliklə bağlı dünya təcrübəsi də nəzərə alınır. Amma metroda təhlükəsizliklə bağlı məslələrə Bakı Metropoliteni QSC, eyni zamanda metrodakı polis şöbəsi daim nəzarət edir. Bunu hər bir sərnişin metroya daxil olanda görür. Sadəcə olaraq bəzi nüanslar var ki, bunlara ciddi fikir vermək lazımdır. Vətəndaşın üzərində bıçağın olub-olmamasına gəlincə, onu deyə bilərəm ki, həmin şəxs bıçağı cibində hər yerə apara bilərdi. Həmçinin həmin şəxs bıçaqla başqa yerdə, məsələn öz evində də zərbə vura bilərdi. Buna nəzarət etmə mexanizmləri çox mürəkkəbdir. O adi sərnişindir və onların yoxlanılması polis tərəfindən aparılır. Metroda daimi nəzarət var. Amma nəzarət deyiləndə dünya hava limanında təşkil olunan təhlükəsizlik sistemi nəzərdə tutulursa, bu bir çox ölkələrdə tətbiq olunub. Lakin Bakı Metropolitenində xüsusən sərnişin sıx olan stansiyalarda bu sistemin tətbiqi imkanları çox nəzəri və məhduddur. Məsələn, 28 may stansiyasına gün ərzində 80 minə yaxın sərnişin daxil olur və bu qədər sərnişinə nəzarətin aparılması mexanizmlərlə mümkün deyil. Bakı metropolitenində peşəkarların apardığı nəzarət sistemləri həmişəki qaydasında davam edir. Metropolitendə müşahidə-nəzarət sistemləri də var. Yəni hazırda hər bir məqamlar mövcud imkanlarlarla yüksək səviyyədə təşkil olunur”.