Ramiz Mehdiyev AMEA-nın prezidenti oldu - (YENİLƏNİB)

Prezident Ramiz Mehdiyevlə bağlı daha bir Sərəncam imzalayıb.

Azərtac-ın məlumatına görə, Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 dekabr tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”nin 9.2-ci bəndinə uyğun olaraq qərara alıram:

Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilmiş Ramiz Ənvər oğlu Mehdiyev bu vəzifəyə təsdiq edilsin.

17:09

 Bu gün AMEA-nın prezidenti vəzifəsinə seçkilər keçirilib.

APA-nın xəbərinə görə, səsvermədə akademik Ramiz Mehdiyev növbəti müddətə AMEA-nın prezidenti seçilib.

Akademik Akif Əlizadə AMEA-nın prezidenti vəzifəsinə akademik Ramiz Mehdiyevin namizədliyini təklif edib.


16:07

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı başlayıb.

APA -nın xəbərinə görə, ümumi yığıncaqda Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, AMEA rəhbərliyi iştirak edirlər.

Ümumi yığıncaqda AMEA prezidenti vəzifəsinə seçki keçirilir.

Qeyd edək ki, AMEA prezidenti, akademik Akif Əlizadə səhhəti ilə bağlı istefa ərizəsi yazıb.