Ölkədə kölgə təhsilini məktəbdən daha üstün tutan kifayət qədər valideyn və müəllim ordusu mövcuddur
“Təhsilimizi bu acınacaqlı durumdan xilas etmək istəyənlər nəinki yoxdur, üstəlik, bunun çiçəklənməsini stimullaşdıran sistem mövcuddur”
“Ölkədə uğurlu müəllim karyerası qiymətləndirmədə, sertifikatlaşmada və müxtəlif müsabiqələrdə yüksək bal toplayaraq repetitorluq fəaliyyətini stimullaşdırmqdan keçir”.
Bu sözləri “Sherg.az”a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
Ekspertin sözlərinə görə, yüksək qiymətləndirmə və sertifikatlaşdırma balı sizə daha çox dərs qamarlamaq, daha artıq "stavka" ilə əməkhaqqı almaq və repetitorluğa daha çox şagird cəlb etmək maddi prestiji vəd edir. O cümlədən təhsildə rəhbər vəzifələrə təyinat üçün hansısa müsabiqələrdə yüksək bal toplamaq önəmlidir, nəinki məktəbdə konkret fəaliyyətin nəticəsi:
“Məktəblər müəllimlər üçün əməkhaqqı almaq və repetitorluq üçün baza rolunu oynayır. Təbii ki, gündə iki növbə minimum keyfiyyətlə pedaqoji fəaliyyətlə məşğul olmaq absurddur. Belə ki, məktəbdə işləməklə dərsləri yola verib şagirdi ödənişli fərdi məşğələyə cəlb etmək, hətta məktəbin inzibati binasında onlara ödənişli əlavə dərs demək imkanı mövcuddur. Bununla siz dövlətin bina, elektrik, su, istilik, sanitariya, mühafizə və sair kommunal xidmətlərindən qarşılıqsız istifadə edə, o cümlədən məcburi dövlət ödənişlərindən rahatlıqla yayına bilərsiniz. Bununla məktəbdə aldığınız maaş qida, geyim və sair kimi ənənəvi xərclərinizə, repetitorluqdan gələn gəlir isə avtomobil, turizm və sair rifahınıza kifayət edəcək.
Bütün bunların fonunda sizin məktəbdə fəaliyyətinizin yalnız kəmiyyət göstəriciləri mövcud olsa, keyfiyyət göstəriciləriniz əsla ölçülmür və heç ölçülə də bilməz. Əgər siz bilik və bacarıqlarınıza rəğmən repetitorluq fəaliyyəti ilə məşğul olmasanız, bu, mövcud şəraitdə cəmiyyətdə peşəkarlığınıza bir şübhə yaradan haldır. Necə ki, gec ərə gedən gözəl qızla ailə quran zaman indiyə qədər subay qalması şübhə yaradırsa, eləcə də korifey sənətkarlar yox, ara müğənniləri daha baha qiymətə şənliklərə dəvət alırsa, repetitorluq etməyən müəllim də bu cür diskriminasiyaya məruz qalır. Nəbadə aşağı əmək haqqından ailəsini dolandıra bilməyərək məcburiyyətdən repetitorluq edən müəllimlərə irad bildirəsiz və ya bu fəaliyyəti tənqid edəsiniz, onlar sizi ən yüngül hal kimi paxıllıqda ittiham edə bilərlər”.
K.Əsədovun sözlərinə görə, bu gün cəmiyyətdə oğru qanunlarını dövlətin qanunlarından üstün tutan kifayət qədər kütlə mövcud olduğu kimi, o cümlədən bu kölgə təhsilini məktəbdən daha üstün tutan kifayət qədər valideyn və müəllim ordusu mövcuddur:
“Ölkə təhsilini bu acınacaqlı durumdan xilas etmək istəyənlər nəinki yoxdur, üstəlik, bunun çiçəklənməsini stimullaşdıran sistem mövcuddur. Məhz testologiyanın tətbiqindən sonra repetitorluğun yetişdirdiklərindən sanballı bir alim çıxmır və onların da təfəkkürü sosial şəbəkə səviyyəsində fikirlər paylaşmaqla və alimlik diplomu ilə Ali Attestasiya Komissiyasının binası önündə fotoşəkil çəkməklə yekunlaşır”.