Bakının 3 məktəbində nöqsanlar aşkar olunub. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) məlumat yayıb. Bildirilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) əmri ilə Bakı şəhəri 39, 153 və 182 nömrəli tam orta məktəblərin direktorları barəsində intizam tənbeh tədbiri görülüb. Məktəb direktorlarına sənədləşmə, pedaqoji və inzibati heyətin məsuliyyətinin artırılması, metodiki işin təşkili və digər müvafiq istiqamətlər üzrə çatışmazlıqların qısa müddətdə aradan qaldırılması ilə bağlı ciddi tapşırıqlar verilib. Qeyd edək ki, səmərəli tədris mühitinin formalaşdırılmasına nail olmaq məqsədilə keçirilən monitorinqlər davamlı xarakter daşıyır.
Məsələyə münasibət bildirən təhsil eksperti Elşən Qafarov “Sherg.az”a açıqlamasında bildirib ki, məktəb direktorları ilə bağı zaman-zaman intizam tədbirləri görülür:
"Lakin bu addım konkret intizam xətasına görə, həyata keçirilir. Bunun cəmiyyətə açıqlanması isə o zaman verilir ki, orada cinayət və yaxud inzibati cəza baş versin. İntizam tənbeh tədbiri direktoru təyin edən, Bakı Şəhər Təhsil idarəsi ilə birgə verilən qərardır. Cəzanın hansı hərəkətlərə görə, verilməsi ilə bağlı məlumat yoxdur. Bu səbəbdən konkret fikir bildirmək çətindir. Reallıq ondan ibarətdir ki, həmin adıçəkilən məktəblərdə neqativ hallar kifayət qədər çoxdur. Tənbeh edilən direktorlar isə çoxdan işdən azad olunmalı idi. İntizam tənbehi onlara verilən yumşaldıcı cəzadır".