Umud Mirzəyev: "SƏLİS QHT sektorunu daha da inkişaf etdirəcək"

“Bu gün SƏLİS - Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sisteminin təqdimatında son dərəcə maraqlı layihənin şahidi olduq. SƏLİS sözün həqiqi mənasında ölkəmizdə brendə çevrilməkdədir”. Bu fikirləri Sherg.az-a açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev deyib.

Onun sözlərinə görə, sözügedən layihə dolayısı ilə Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafını göstərən arqumentdir:

“Azərbaycanda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yarandığı gündən layihələrin təqdimatında, onların hesabatlılığında hər zaman yenilikçi təşəbbüslərlə çıxış edib. Bu da ölkəmizdəki vətəndaş cəmiyyətini sevindirir. Hesab edirəm ki, belə təqdimatın keçirilməsi Azərbaycanda vətəndaş cəmiyyətinin uğurlarıdır. Bu günkü tədbirdə ölkənin dövlət rəsmiləri, millət vəkilləri, beynəlxalq təşkilatların nümayəndələri, əksər vətəndaş cəmiyyəti nümayəndələri iştirak edirdi. Həqiqətən də SƏLİS-in brend olaraq formalaşmasında və cəmiyyətə təqdim olunmasında xidmətləri olan insanları gördük”. 

U.Mirzəyev bildirib ki, SƏLİS brendinin formalaşmasında ASAN-ın açdığı cığır və dəstək, dəst-xətt tam olaraq ortalıqda idi:

“Hazırda ölkəmizdə ASAN-dan sonra DOST və SƏLİS-in formalaşması sözün həqiqi mənasında qürurvericidir. Tədbirdə çıxış edən BMT-nin Rezident Əlaqələndiricisi Qulam İsakzainin bir fikri xüsusilə diqqəti cəlb etdi. O, qeyd etdi ki, “bizim və digər ölkələrin Azərbaycanda bu brendlərdən öyrənəsi çox məqamlar var”. Doğurdan da son illər Azərbaycanda vətəndaş cəmiyyəti istiqamətində və digər sahələrdə atılan addımlar, həyata keçirilən islahatlar şəffaflığın və vətəndaş məmnunluğunun təmin olunması, istənilən məsələnin əlçatanlığı, problemlərin tez zamanda aradan qaldırılması istiqamətində görülən işlər sevindiricidir. Hesab edirəm ki, bu prosesin özü ölkəmizdə vətəndaş cəmiyyəti qurumlarının daha da inkişaf etməsində çox böyük təsirə malik olacaq. Vətəndaş cəmiyyəti qurumlarının inkişafı bir qədər də artacaq. Çünki Azərbaycanda vətəndaş  cəmiyyətlərinin qurulmasında QHT-lərin əvəzsiz xidməti var. Ona görə də görülən işlər prosesin sürətlənməsində və bu sektorun inkişafında öz töhfəsini verəcək”.