Kriminal seriallar yeniyetmələri zəhərləyir - TƏHLÜKƏ

Bu hal gənclərin kriminallaşmasına rəvac verə bilər



Mütəxəssislər seriallardakı mesajların cəmiyyətə təsirlərini proqnozlaşdırmalıdırlar



«İnsanlar seriallardan asılı vəziyyətdə yaşayırlar. Serialın vaxtı dəyişəndə sinir sarsılması keçirirlər»



Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu reytinq rekordu qıran "Çuxur" və "Adana sıfır bir" serialını sərt tənqid edib. Nazir sözügedən serialların uşaqların beynini zəhərlədiyini söyləyib. “Çuxur” adlı lənət bir serial var. Onun qədər ola bilmiriksə, yazıqlar olsun. Bir də "Adana sıfır bir" serialı var, ikisinin təsir dairəsi qədər təsir dairəsi formalaşdıra bilmiriksə, yandıq".

Nazirin sözlərinə görə, hər iki serial insanları Türkiyə mədəniyyətindən uzaqlaşdırır: "Mən də heyrətlə baxıram, universitet müəllimləri nə işə yarayır? Bu işlərlə əlaqədar mədəniyyət xadimləri nə edir? Xüsusilə bu seriallarla əlaqədar ortalığa nə qoyurlar? Bizim uşaqlara öyrətməli olduğumuz şeylər tamamilə başqadır, kimlərsə uşaqlarımızı zəhərləyirlər. Bunu təəssüf ki, sadəcə seyr edirik. Uşaqlarımızın və gənclərimizin yönünü xeyrə, doğru işlərə istiqamətləndirməliyik".

Qeyd edək ki, ölkəmizdə də türk seriallarını izləyənlərin sayı yetərincə çoxdur. Xüsusilə kriminal serialların cəmiyyətdə aqressiya kimi mənfi davranışlara səbəb olduğunu etriaf etməliyik. 



Elnur Rüstəmov: "Bu mesajlar insanlara ötürülür və zaman keçdikdə insanların bir qismi həmin mesajların təsiri altında öz həyatlarını qururlar"


Məsələyə aydınlıq gətirən psixoloq Elnur Rüstəmov “Şərq”ə bildirib ki, kriminal seriallarla bağlı mövzu geniş tədqiqat tələb edir.  Onun sözlərinə görə, bu gün cəmiyyətə təsir göstərən vasitələrdən biri də məhz filmlər, çəkilən seriallar və oradan ötürülən şüuraltı mesajlardır:

“Hansı ki, bu mesajlar insanlara ötürülür və zaman keçdikdə insanların bir qismi həmin mesajların təsiri altında öz həyatlarını qururlar, cəmiyyətə münasibətlərini formalaşdırırlar. Hətta orada istifadə olunan terminlərdən istifadə edirlər, sərgilənən davranışları öz həyatlarına yansıdırlar. Bunun müsbət və mənfi tərəfləri var. Məsələn, seriallarda elə hərəkət və davranışlar var ki, orada daha çox humanizm kimi prinsiplər rəhbər tutulur. İnsanların bir-birinə sevgisi, düzgünlüyü artır. Bəzən də görürük ki, serialların bir qismi xüsusilə yeniyetmələri öz təsiri altında saxlayır. Çünki onlar serialdakı mahiyyəti anlamaqda çətinlik çəkirlər, baş verən prosesləri isə konteksdən çıxarırlar. Nəticədə görürük ki, bu, onların həyata baxışının yanlış istiqamətdə yönəlməsinə təsir göstərir”.

Psixoloq qeyd edib ki, serialları birbaşa çəkib cəmiyyətin ixtiyarına buraxmaq düzgün deyil. Həmin serialların ərsəyə gəlməsi ilə əlaqədar mütləq ekspert heyəti olmalıdır:

“Həmin ekspertlər seriallarda veriləcək mesajların cəmiyyətə təsirlərini proqnozlaşdırmalı və onu aradan götürmək istiqamətində addımlar atılmalıdır. Heç kim demir ki, seriallar çəkilməsin. Serialları niyə çəkirlər? Çünki serial insanları uzun müddət intizarda saxlayır. Həmçinin cəmiyyətdə baş verən prosesləri sosial-siyasi formada ötürmək seriallar vasitəsilə olur. Ona görə də serialların içində belə ekspertlər olsa, bu cür məqamlara qarşı profilaktik tədbirlər görülsə, bir problem olmayacaq. Əks təqdirdə seriallar xüsusilə yeniyetmələrin təhsildən uzaqlaşmasına, asan yollarla var-dövlət  qazanmasına, kriminal davranışlara yol verilməsinə rəvac ola bilər. Belə hallarda diqqətli olmaq lazımdır. Düşünürəm ki, bu məsələ ilə bağlı sivil formada iş aparmaq vacibdir”.



Lalə Mehralı: "Özünü “Kurtlar Vadisi”ndəki qəhrəmanlara bənzədən gənc nəsil yetişirdi"


Sosioloq Lalə Mehralı da nazirin haqlı olduğunu düşünür:

“Biz bu vəziyyəti hələ “Kurtlar Vadisi” serialı yeni yayımlanan vaxt müşahidə etmişdik. Özünü “Kurtlar Vadisi”ndəki qəhrəmanlara bənzədən gənc nəsil yetişirdi. Həmin serialdakı aktyorların əks olunduğu köynəklər geyinirdilər, onların etdiyi mimika və jestləri təkrarlayırdılar. Əslində mövzusundan asılı olmayaraq seriallar başdan-başa problemdir. Üstəlik kriminal mövzulu serialların çəkilməsi xoş hal deyil. Düşünürəm ki, nazir haqlı irad bildirib. “Çukur” serialına baxmamışam. Amma “Kurtlar Vadisi”ndəki dövlətin idarə edilməsində gizli güclər, ölkəyə uzana əllər, siyasi oyunlar çox qabarıq şəkildə göstərilir deyə insanlar başa düşürdü ki, əslində ölkəyə neçə yerdən təzyiqlər olur. Bu, insanların məlumatlandırılması baxımından yaxşı idi. Amma digər tərəfdən serialdakı silahlar və qarşıdurmalar, üstəlik serialın bizim vaxtla saat 10-da yayımlanması mənfi hal idi. Çünki həmin saatda yeniyetmələr də oyaq olurdu. Oyaq olmasalar belə internetdə “Kurtlar Vadisi”nin bütün seriyaları yerləşdirilirdi”.

Sosioloq bildirib ki, gənclərin psixologiyası, həyata adaptasiya, ümumilikdə dünyagörüşləri üçün kriminal serialın yaxşı tərəfləri ilə bərabər pis tərəfləri də var:

“Təbii ki, “Kurtlar Vadisi”ndə kriminal səhnələr, vuruşma və atışmalar çox idi. Əlbəttə belə səhnələr gənc nəslin psixoloji olaraq sarsılmasına da səbəb ola bilərdi. Yaxşı tərəf o idi ki, serial ölkənin necə çətin şəraitdə var olduğundan bəhs edirdi. Yəqin nazir yeni serialların da eyni motivli olması ilə bağlı narahatlığını ifadə edib və haqlıdır”. 

L.Mehralı vurğulayıb ki, bu gün bütün seriallar cəmiyyət üçün təhlükə mənbəyidir:

“İnsanlar serialdan asılı vəziyyətdə yaşayırlar. Serialın vaxtı dəyişəndə və yaxud bir seriya efirə getməyəndə sinir sarsılması keçirirlər. Mən belə insanları şəxsən də tanıyıram. Maraq və vaxt öldürmək üçün, elə-belə baxanlar da olur. Təbii ki, onlar üçün belə problemlər olmur. Amma serialın içində yaşayırmış kimi olan insanlar ki var, onlar üçün seriallar təhlükə mənbəyidir. Şükür ki, efirlərimizdə kriminal mövzulu seriallar çəkilmir. Lakin bizdə də bayağı, insanı efirdən uzaqlaşdıran seriallar çoxdur. Düzdür belə serialların da baxıcılar var. Hesab edirəm ki, bu cür seriallara heç bir ehtiyac yoxdur. Onların yerinə intellektual proqramlar, yarışmalar və daha faydalı məlumatlar verilə bilər. Efiri doldurmaq çox asandır, amma maraqlıdır ki, seriallara sponsorlar tapılır. Hər hansı bir intellektual layihə təklif eləsən, sponsor tapa bilməzsən. Amma bir az qalmaqallı və açıq-saçıq layihə təqdim olunanda asanlıqla sponsor tapılır”.