Diqqətli olun! - Keyfiyyətsiz şprislər ağır xəstəliklər yayır - SOS

Son günlər sosial şəbəkələrdə keyfiyyətsiz şprislərin satışı ilə bağlı məlumatlar paylaşılır. Yayılan məlumatlar cəmiyyətdə ciddi narahatlıq yaradıb və geniş müzakirələrə səbəb olub.

Səhiyyə Nazirliyi hadisə ilə bağlı əhaliyə müraciət edib. Analitik Ekspertiza Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, mərkəzə heç bir vətəndaşdan standartlara uyğun olmayan şprislərlə bağlı şikayət daxil olmayıb. Vətəndaşlara tövsiyə edilib ki, onlar hər hansı şikayətlər zamanı qurumun "qaynar xətt" nömrələri ilə əlaqə saxlasınlar.

Həkim: "Şprisin buraxılış ili, son istifadə müddətdi kağızda mütləq göstərilməlidir"


Həkim-allerqoloq Şahvələd Məmmədov Sherg.az-a açıqlamasında qeyd edib ki, şprislər insanların sağlamlığı ilə əlaqədar olaraq önəmli yer tutur:

“Çünki müxtəlif xəstəliklərin, virusların yayılması və.s şprislər vasitəsilə mümkün ola bilər. Təbii ki, keyfiyyətsiz şprislərin xəstəlik törətmə xüsusiyyətləri olduğu üçün Səhiyyə Nazirliyi əhaliyə SOS siqnalı verib. Məlumdur ki, yaxın zamanlarda ölkəmizdə böyük şpris zavodu istifadəyə veriləcək. Nəzərə alınıb ki, bu zavodda yüksək və Avropa standartlarına uyğun şpris istehsalına başlanılacaq. Bu gün Azərbaycana Hindistandan, Rusiyadan və digər ölkələrdən müxtəlif çeşidli şprislər gətirilir. Yəqin ki, müəyyən problemlər yaşanıb. Dəfələrlə şahidi olmuşuq, bir də görürsən ki, şpris deffekt və yararsız, vaxtı keçmiş olur. Təbii ki, bu çox ciddi məsələdir. Çünki insan sağlamlığı burada önəmli rol oynayır. Bu, baxımdan güman edirəm ki, əhali ciddi məlumatlandırılmalıdır. Onsuz da gündəlik həyatımızda insanların əksəriyyəti iynə-dərmanda qalıb. Ona görə də diqqətli olmaq lazımdır. Şprisin buraxılış ili, son istifadə müddətdi kağızda mütləq göstərilməlidir”.