Zəngin proqramlı səfər: Mehriban Əliyeva Rusiya rəsmiləri ilə strateji məsələləri müzakirə etdi

“Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiya Federasiyasına səfərinin çox böyük, zəngin proqramı var idi”. Bu sözləri Sherg.az-a açıqlamasında - Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov deyib.

Onun sözlərinə görə, səfərin ən vacib məqamı Rusiya Prezidenti Vladimir Putin və Baş nazir Dmitri Medvedyevlə olan görüşlərdir:

“Hər iki görüşdə Azərbaycan və Rusiya üçün strateji əhəmiyyətli məsələlər müzakirə edilib. Vladimir Putin hələ bu ilin avqust ayında imzaladığı Fərmana əsasən “Dostluq” ordeni ilə təltif etdiyi Azərbaycanın Birinci vitse-prezidentinə bu yüksək dövlət mükafatını təqdim edib. Bəs nəyə görə məhz "Dostluq" ordeni? Birmənalı olaraq deyə bilərik ki, iki ölkə arasında münasibətlər ilk növbədə məhz dostluq faktorunun və vektorunun üzərində inkişaf edir. Bizim Rusiya ilə münasibətlərimiz, əlaqələrimiz çoxvektorludur, çoxşaxəlidir. Amma əsas vektoru dostluq təşkil edir. Bir ölkə ilə qonşu olmaq olar. Amma həmin qonşu ilə dost olmadan, səmimi dostluq və əməkdaşlıq əlaqələri qurmadan nə dinc yanaşı yaşamaq, nədəki etibarlı tərəfdaş, müttəfiq qazanmaq mümkündür. Yəni ki, qonşu ölkələr arasında strateji tərəfdaşlığın, müttəfiqliyin fəlsəfəsini ilk növbədə dostluq amili müəyyən edir. Rusiya Prezidenti də məhz bu amili nəzərə alaraq Azərbaycanın Birinci vitse-prezidentini "Dostluq" ordeni ilə təltif edib.



Əlisahib Hüseynov: "Mehriban xanımın iki ölkə arasında dostluq münasibətlərinin yüksələn xəttlə inkişafında rolu həqiqətən də danılmazdır"


Çünki Mehriban xanımın iki ölkə arasında dostluq münasibətlərinin yüksələn xəttlə inkişafında rolu həqiqətən də danılmazdır. Cənubi Qafqaz respublikalarının Birinci xanımları arasında heç kim Rusiya ilə dostluq münasibətlərinin vacibliyini, önəmini Mehriban Əliyeva qədər uzaqgörənliklə qiymətləndirə bilmir və heç kim də onun qədər bu dostluğa səmimi yanaşmır. Biz bu son zamanlarda nə Ermənistanın, nədəki Gürcüstanın birinci xanımlarının Rusiya ilə dost münasibətlərinin vacibliyini vurğulayan çıxışlarına və bu istiqamətdə atılan real addımlara rast gəlməmişik. Əksinə, adlarını qeyd etdiyim hər iki ölkənin indi Rusiya ilə çox ciddi problemləri var. Putin də şübhəsiz ki, çox ayıq-sayıq və müdrik siyasətçidir. O, Qafqazdakı reallıqları da və kimin kim olduğunu da çox yaxşı bilir. Rusiya lideri Mehriban xanımın Azərbaycanın dövlət başçısının Rusiya ilə sıx dostluq münasibətlərinin qurulması siyasətinə öz əməli işləri və təşəbbüsləri ilə real dəstək verdiyini görür və təqdir edir, yüksək qiymətləndirir. Təltif və təqdim edilən "Dostluq" ordeni də məhz bu təqdirin, bu qiymətləndirmənin nəticəsidir. Və biz bu qiymətləndirmənin fonunda bir daha əmin olduq ki, bu gün cənab Prezidentə hamıdan çox, ən böyük dəstəyi Mehriban Əliyeva verir. Bu isə öz növbəsində olduqca mühüm amildir”.