YAP-dan açıqlama: "Qərara gəldik ki parlament də yenilənsin"

Bu gün saat 11:00-da hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının təcili iclası keçirilib.  İclasda Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının iclasında Milli Məclisin buraxılmasına dair qərar qəbul olunub.

Siyasi Şura bu qərarını Prezident İlham Əliyevin islahatlar kursuna və kadr islahatlarına dəstək məqsədilə verildiyini qeyd edib.

İclasdan sonra YAP-ın sədr müavini – icra katibi Əli Əhmədov mətbuat konfransı keçirib.

"Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycan dövləti və cəmiyyəti üçün mühüm qərar qəbul edib" - deyən Əli Əhmədovun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən mühüm islahatlar aparılır. 

O bildirib ki, 2019-cu il ərzində Prezidentin təşəbbüsü və imzaladığı sərəncamlarla əhəmiyyətli sosial layihələr həyata keçirilib.

Ə.Əhmədovun fikrincə, ölkə başçısının islahatları cəmiyyət müsbət qarşılayıb.

O deyib ki, Azərbaycanda hakimiyyətin iki qolunda - icra hakimiyyətində və məhkəmə hakimiyyətində mühüm islahatlar keçirilib.

Ə.Əhmədov bildirib ki, YAP üzvləri belə qərara gəlib ki, Prezidentin islahatları qanunverici hakimiyyətdə də əksini tapsın:

“YAP-ın Siyasi Şurası qərara aldı ki, Azərbaycan parlamentinin də yenilənməsi, müasirləşməsi də islahatlar prosesinə aid edilsin. Buna görə də parlamentin buraxılmasına dair Prezidentə müraciət ünvanlanıb. Parlamentdə YAP- ı təmsil edən deputatlar qərara gəldilər ki, Milli Məclisə müraciət ünvanlansın. Güman edirəm ki, parlament rəhbərliyi bunu nəzərə alıb, Milli Məclisin plenar iclasında məsələni müzakirəyə çıxaracaq”.