Fazil Mustafa: “Prezident irad bildirməzdən öncə deputatlar anlamalı idilər”

“Ən azı halallıq baxımından seçiciyə dəyər vermək, onların şikayətini dinləmək lazımdır”



Prezident İlham Əliyev növbədənkənar parlament seçkilərinə münasibət bildirib. Ölkə başçısı yerli jurnalistlərə bildirib ki, parlament seçkiləri çox önəmli hadisədir: 

“Yeni seçiləcək deputatlara tövsiyəm odur ki, onlar öz dairələrində daha fəal olsunlar ki, vətəndaşlar onları tanısınlar, onlara müraciət etsinlər. Ölkəmiz yeni islahatlar dövrünə qədəm qoydu, Prezident Administrasiyası, Nazirlər Kabineti, bəzi mərkəzi icra orqanları, yerli icra orqanları artıq struktur islahatlarını başa çatdırıblar, yaxud da ki, bu islahatlar davam etdirilir”.

Prezidentin söylədiklərini Sherg.az-a dəyərləndirən Milli Məclisin 5-ci çağırış deputatı Fazil Mustafa bildirib ki, ölkə başçısının yanaşması çox düzgündür:

“Əslində Prezident ona işarə edir ki, biz seçicinin hesabına təmsilçilik əldə edirik. Ona görə də ən azı halallıq baxımından seçiciyə dəyər vermək, onların şikayətini dinləmək lazımdır. Seçicilərlə əlaqələri kəsmək kimi addımlara rəvac vermək olmaz. Məsələn, hazırda bütün seçicilərlə təmasım olur, hətta telefon nömrəm də da seçicilərimdə var. Sosial şəbəkə vasitəsilə də onlar birbaşa olaraq mənimlə əlaqə saxlaya bilirlər. Sosial şəbəkədə elə bir şərait yaratmışam ki, mesajla hansısa ərizələrini göndərə bilirlər. Bu, o, deməkdir ki, artıq seçicinin səni axtarmağına ehtiyac qalmır. Məhz bu səbəblərdən Prezidentin iradı kifayət qədər haqlıdır. Əslində bunu  irad bildirməzdən öncə deputatlar anlamalı idilər. Çünki hər biri yetkin insanlardır, hər hansı bir şəkildə diqqətsiz yanaşma yolverilməzdir. Ona görə də prezidentin bu açıqlamasını haqlı sayıram. Hesab edirəm ki, bu kimi məsələlərdə xüsusilə yeni seçilən deputatlar mütləq həssaslıq göstərməlidirlər”.