Biabırçılıq - Təcili yardım 60 dəqiqəyə xəstəyə yetişə bilmədi: “Maşınımız var, həkim yoxdur”

Sosial şəbəkə istifadəçisi Yeganə Quliyeva təcili yardımla bağlı status paylaşıb. Xanım yazıb ki, “təcili yardım briqadası bütün avadanlıqla təchiz olunub, amma içinə həkim qoymaq yaddan çıxıb. 60 dəqiqədən çoxdur ki, təcili yardım çağırmışıq, gəlmək bilmir. “103”dən bildirilir ki, maşınımız var, həkim yoxdur. Nəysə ki, xəstəyə əlimizdən gələn ilk yardımı göstərdik, hazırlaşırdıq yatmağa ki, “vızıv” atdılar. Həkim gəlib deyir ki, sizin çağırış 00:01-də qəbul olunsa da, bizə 00:52-də bildiriblər. Guya çağırışlara çatdıra bilmirlər... Allah heç kəsi Azərbaycan səhiyyəsinin ümidinə qoymasın. Çalışın xəstələnməyin”.

Bu status təcili yardımla bağlı müzakirələrə səbəb olub və vətəndaşlar rəy bildirblər: “bizdə saray kimi, içi boş xəstəxanalar var ancaq”, “bəzi həkimlərin başı boşdu. Qaldı ki, xəstəxanaların içi boş olmasın” - yazanlar da var.  

“Gec gəlməyi bir yana, hələ məni borclu çıxarır ki, niyə qızdırmaya təcili yardım çağırırsınız, özünüz iynə vurun, bitsin”


Samir Imanov: Hazırda təcili yardımdan mənə bildirdilər ki "səndən qabaq 20 çağırışımız var. Özün bir maşın tap, uşağını çatdır xəstəxanaya.

Yegana Quliyeva: Allah şəfa versin. Yenə sizdə həkimin olacağı ilə bağlı ümid var, bizə isə deyir ki, gətirsən də həkim yoxdur.

Pərvanə Rzayeva: 40 dərəcə qızdırmada təcili yardım çağırmışam. Düz 1saata gəldi. Gec gəlməyi bir yana, hələ məni borclu çıxarır ki, niyə qızdırmaya təcili yardım çağırırsınız, özünüz iynə vurun, bitsin. Biri mənə başa salsın ki bu təcili yardımı nə zaman çağırmaq lazımdır?

Yegana Quliyeva: Səhiyyə lazımsız quruma çevrilib. Əhali adi əməliyyatlara belə, xaricə üz tutmağa məcbur qalıb.

Pərvanə Murad: Səhiyyə Nazirliyi var ki həkim də ola...



Həkim: “Təcili yardım “uça-uça” gəlsə də, yenə narazı qalırlar. Hamı istəyir ki, təcili yardıma çağırış edilən kimi həkim qapıda hazır olsun”


Çağırışa gecikmələrin konkret səbəblərlə bağlı ola biləcəyini deyən tibb elmləri üzrə fəlsəfə doktoru Şəmsiyyə Namazlı “Şərq”ə açıqlamasında təcili yardım həkimlərini “ən cəfakeş” həkimlər adlandırdı: 

- Təcili yardım həkimləri çox əziyyət çəkir. Amma çox zaman vətəndaşlar tərəfindən qəzəblə qarşılanırlar. Təcili yardım “uça-uça” gəlsə də, yenə narazı qalırlar. Hamı istəyir ki, təcili yardıma çağırış edilən kimi həkim qapıda hazır olsun. Axı bu, mümkün deyil. Gecikmələr müxtəlif səbəblərdən ola bilər. Əgər “maşın var, həkim yoxdur” deyilirsə, deməli həkim briqadası hansısa ünvanda çağırışdadır. Bəzən belə olur ki, ərazi üzrə Təcili Yardım Stansiyasında çağırış üzrə həkim briqadası olmadıqda, başqa stansiyaya müraciət edirlər və həkim briqadasını çağırışa göndərirlər. Təcili yardıma çağırışlar hazırda mərkəzləşmiş qaydada qəbul olunur. Vətəndaşlar adətən “103”ə zəng edirlər, çünki bu, daha rahatdır. “103” də çağırışları ərazi üzrə yönləndirir. Bu zaman gecikmələrin olması mümkündür.  



“Ailə istəyir ki, 10-20 ilin xəstəsini həkim 5 dəqiqəyə sağaltsın. Təcili yardım həkiminin öz funksiyası var”


Amma vətəndaş yaşadığı ərazi üzrə təcili yardım stansiyasına müraciət etsə, həkim briqadası daha tez gələr. Amma təəssüf ki, vətəndaşların əksəriyyəti ərazi üzrə təcili yardım stansiyasının nömrəsini bilmir. Bu da bir problemdir. Hesab edirəm ki, sahə həkimləri vətəndaşlara bu barədə məlumat verməlidirlər. Üçüncüsü, axı biz bilmirik, vətəndaş çağırış etdiyi zaman onlara hansı həkim lazım olub? Reanimatoloq, kardioloq, terapevt… Ola bilsin, vətəndaşa lazım olan həkim, həmin vaxt başqa çağırış üzrə gedib. İkincisi, axı bizdə təcili yardım maşınları üçün yollarda xüsusi zolaqlar yoxdur. Təcili yardım maşınları tıxaclarda qalır, günün pik saatlarında zamanında ünvana çata bilmirlər. Virus infeksiyaları zamanı çağırışların sayı da artır. Məsələn, ürək-damar xəstəlikləri, onkoloji xəstəliklər, astma xəstələrində daha çox səhər saatlarında ağırlaşmalar olur və belədə çağırışların sayı da artır. Həkim briqadalarının bütün çağırışlara qısa vaxt ərzində çatması xeyli çətinləşir. Xroniki xəstələr var ki, vəziyyəti ağırlaşanda təcili yardım çağırırlar. Ailə istəyir ki, 10-20 ilin xəstəsini həkim 5 dəqiqəyə sağaltsın. Təcili yardım həkiminin öz funksiyası var. Təcili yardım həkimi xəstəni simptomatik müalicə edir. İkinci mərhələdə artıq xəstəxanaya aparılır və orada müalicəsi davam etdirilir. Çağırışlara gecikmələr həm də xəstəliklərin kvalifikasiyası üzrə dəyərləndirilməlidir. Başqa problem təcili yardım briqadalarının sayının hazırkı demoqrafik vəziyyətə uyğun gəlməməsidir. Son illərdə paytaxtda əhali sayı kəskin artıb, az qala hər gün hündürmərtəbəli binalar ucaldılır, məskunlaşma prosesi gedir. Amma bir tərəfdən də qeydiyyat məsələsi həllini tapmadığından sakinlərin real sayı bilinmir.  Mən də razıyam ki, təcili yardım briqadalarının sayı artırılmalıdır.

Hərarət qalxdıqda təcili yardım çağırılmasına gəlincə, Ş.Namazlı həkimin “niyə qızdırmaya təcili yardım çağırırsınız, özünüz iynə vurun, bitsin” deməsini (əgər həqiqətən belə deyilibsə), etik normalara uyğun olmadığını dedi: 

- Həkim belə söyləməməlidir. Bu, etik deyil. Körpə uşaqlarda qızdırma olduqda əlbəttə, bu, daha təhlükəlidir, çünki körpələrdə qıcolma baş verə bilər. Körpənin hərarəti qısa zamanda normallaşdırılmalıdır. Böyüklərsə, özləri də ilkin tibbi yardım edə bilər. Ən azından 1 həb “Parasitamol” hərarətin tez düşməsinə yardım edir. Ola bilsin, həkim o narazılığı “böyük adamsız, özünüzə yardım edə bilərsiniz” baxımından söyləsin, amma yenə də bu, düzgün deyil. Həkim bunu deməməlidir.