“Könüllülər ili” – Sərəncam könüllü qruplarının fəaliyyətinə ən böyük qiymətdir

Qarşıdan gələn 2020-ci il Azərbaycanda “Könüllülər ili”dir. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamda deyilir ki, Azərbaycan xalqı əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşadıb. 

Rəsmi sənəddə o da qeyd edilib ki, könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir.

2020-ci ilin “Könüllülər ili” olması cəmiyyət tərəfindən təqdirlə qarşılanıb. 



Vüqar Rəhimzadə: “Cənab Prezident könüllülərimizin könlünü oxşayan, əməyinə dəyər verən belə bir addım atdı”


Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Sherg.az-a bildirib ki, Azərbaycan gəncləri, könüllüləri hər zaman dövlətə öz köməkliyini göstərib. 

Onun sözlərinə görə ölkə başçısı cənab İlham Əliyev vətənpərvərliyi ilə seçilən gənclərin könüllü olaraq dövlətin işlərində yaxından iştirakını sərəncamı ilə yüksək dəyərləndirmiş oldu: 

“Biz könüllülər dəstələrinin Azərbaycanda keçirilən bütün beynəlxalq və yerli tədbirlərdə aktivlik nümayiş etdirdiklərinin şahidi olmuşuq. Bizdə bu gün ASAN Xidmətin könüllüləri böyük işlər görürlər. Eyni zamanda Bakıda keçirilən Birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları zamanı könüllülər qrupları böyük dəstək nümayiş etdirdilər. Prezident gənclərimizin, könüllü aktiv insanlarımızın əməyini qiymətləndirdi, 2020-ci ili “Könüllülər ili” elan etdi. Hesab edirəm ki, gənclərimiz, ümumiyyətlə bütün vətənpərvər insanlarımız  bu il də ölkəmizin güclənməsində, dövlətimizin qüdrətlənməsində müstəsna xidmətlərini bir daha ortaya qoyacaqlar. Cənab Prezidentin sərəncamını yüksək qiymətləndirirəm, təşəkkürümü bildirirəm ki, könüllülərimizin könlünü oxşayan, əməyinə dəyər verən belə bir addım atdı".