Gürcüstanla sərhəddəki insident: Erməni təxribatı aydın görünür - ŞƏRH

Azərbaycan Respublikası ilə dövlət sərhədinin yaxınlığında Gürcüstan ərazisində silahlı insident baş verib. Azərbaycan Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, dünən saat 12:40 radələrində Gürcüstanın sərhəd polisinin Çitelexide sahəsi üzrə sərhəd nümayəndəsi Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin rəisi ilə əlaqə saxlayaraq, “Keşikçi Qala” sərhəd zastavasının xidməti ərazisi ilə üzbəüzdə - Gürcüstan ərazisində hərbi geyimli naməlum şəxsin Gürcüstan sərhədçisini girov götürərək sərhəd xəttinə doğru irəliləyib.

Dərhal təxirəsalınmaz işlər görülüb, qeyd olunan istiqamətdə dövlət sərhədinin mühafizəsi gücləndirilib, həmin şəxslərin Azərbaycan ərazisinə keçmək cəhdinə yol verməmək üçün qabaqlayıcı tədbirlər həyata keçirilib.



Politoloq: “Gürcüstanla münasibətlərin korlanması Azərbaycanın maraqlarına uyğun gəlmir”


Baş verənlərdə erməni təxribatının aydın göründüyünü deyən politoloq Azər Rəşidoğlu Sherg.az-a açıqlamasında bildirib ki, İrəvan Azərbaycan və Gürcüstan münasibətlərinin pozulmasına çalışır. 

Analitik qeyd edib ki, ermənilər məruz qaldığı blokadadan Gürcüstan vasitəsilə xilas olmaq niyyətindədir:

“Digər tərəfdən, Gürcüstanla münasibətlərin pozulması Azərbaycanın Qərb qapısının bağlanması ehtimalını önə çıxarır və Dağlıq Qarabağ problemində Bakıya əlavə problem yarada bilər. Əsas planlardan biri də məhz Bakı-Tiflis xəttində problem yaradılması və regiondakı vəziyyəti Ermənistanın xeyrinə dəyişməkdir. Sözsüz ki, Qərbə əsas qapımız olan Gürcüstanla münasibətlərin korlanması Azərbaycanın maraqlarına uyğun gəlmir. Gürcüstandan strateji əhəmiyyətli neft-qaz kəmərləri, köhnə və yeni dəmiryolu xətləri (Bakı-Tbilisi-Qars) keçir. Gürcüstan üçün Azərbaycan lazımdır, Azərbaycan üçün də Gürcüstan. Gürcüstan Azərbaycanın bütün enerji layihələrində iştirak edir, bu layihələrdən maliyyə qazanır. SOCAR Gürcüstanın əsas investorlarındandır. Azərbaycan Gürcüstana ucuz qaz satır. Ölkəmiz qonşu ölkədə gərginlik yaşanmasını istəmir. Ən azından, ona görə ki, qonşu ölkədə yüz minlərlə soydaşımız yaşayır və onların Azərbaycana köç eləməsi qətiyyən maraqlarımıza cavab vermir. Düşünürəm ki, erməni təxribatı alınmayacaq və iki Cənubi Qafqaz ölkəsi münasibətlərini daha da inkişaf etdirəcək”.