Rasim Balayev və Fəxrəddin Manafov bu filmə çəkilir

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin təşəbbüsü və dəstəyi ilə 20 Yanvar faciəsi zamanı dənizçilərin göstərdiyi qəhrəmanlıqlara həsr olunmuş bədii film çəkiləcək.

Kult.az xəbər verir ki, bu barədə ASCO-nun sədri Rauf Vəliyev 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı keçirilən tədbirdə deyib.

O bildirib ki, gələn il təqdimatı nəzərdə tutulan ekran işi faciəni ilk dünya ictimaiyyətinə çatdıran, sovet imperiyasının törətdiyi qırğın və vəhşiliyin qarşısını almağa çalışan dənizçilərimiz haqqında aydın fikir formalaşdıracaq.

Sədr qeyd edib ki, bədii film tanınmış yerli və xarici aktyorlarının iştirakı ilə təcrübəli mütəxəssislər tərəfindən çəkilir. Filmin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Elxan Cəfərov, bədii rəhbəri və eyni zamanda baş rollardan birini canlandıran xalq artisti Fəxrəddin Manafovdur.

Filmdə əsas rollarından birini xalq artisti Rasim Balayev canlandıracaq. Ekran işinin quruluşçu operatoru Avropanın aparıcı mütəxəssislərindən biri latviyalı Qint Berzinş, quruluşçu rəssamı isə Gürcüstanın tanınmış incəsənət xadimi Mamuka Esadzedir.