Təhsil eksperti etiraz etdi: Müəllimlər məntiqdən ən azı 2-3 suala cavab verməlidir


Ümumtəhsil müəsisələrinə müəllimlərin işə qəbulu qaydalarına bir sıra dəyişikliklər edilir. Dəyişikliklər 2020-2021-ci tədris ili üçün nəzərdə tutulur.  
AzEdu.az xəbər verir ki, test imtahanı mərhələsində iştirak edən namizədlərə ixtisas üzrə 40, təlim strategiyaları və metodika üzrə 20 test tapşırığı təqdim olunacaq - cəmi 60 sual. İmtahan proqramına məntiq üzrə test tapşırıqları daxil edilməyəcək.



Qeyd edilir ki, “Təhsil haqqında”Azərbaycan Respublikası Qanununa edilmiş əlavələrə əsasən dövlət ümumtəhsil və peşə təhsil müəssisələrində çalışan müəllimlər 2020-ci ildən başlayaraq sertifikatlaşdırmadan keçəcəklər. MİQ müsabiqəsinin nəticəsinə əsasən, işə qəbul olunan müəllimlər sertifikatlaşdırmadan keçənlərə bərabər tutulacaq. Sertifikatlaşdırma prosesində iştirak edən müəllimlərə məntiqə aid sualların təqdim olunması nəzərdə tutulmadığından qaydalara sözügedən dəyişiklik edilib.

Dəyişikliklə bağlı fikrini “Şərq”ə bildirən təhsil eksperti Nabatəli Qulamoğlu məntiq üzrə sualların imtahan proqramına daxil edilməməsini düzgün saymadığını dedi: 



- Bəli, elm və təhsil ictimaiyyəti məntiq üzrə suallardan narazı idi. Çünki, necə deyim, yersiz, boş-boş, məntiqə aid məntiqsiz suallar çox olurdu. Amma məntiq elminə aid sualların imtahan proqramından tamamilə çıxarımasını da doğru saymıram. Məntiq bütün elmlərin baş qanunudur. Müəllim də elmi və metodiki fəaliyyətini məntiq əsasında qurmalıdır. Müəllim məntiq qanunları ilə işləməlidir. Mənim fikrimi bilmək istəyirsinizsə, 70 faiz ixtisas fənni, 25 faiz metodika, 5 faiz də məntiq üzrə suallar olmalıdır. Məntiqdən ən azı 2-3 sual mütləq olmalıdır. Mən də məntiq üzrə imtahan suallarını tənqid edənlərdən biri olmuşam. Amma deyəsən, problemi “birdəfəlik” həll etməyi qərara alıblar. Düzgün suallar tərtib edə bilmədiklərindən ehtiyatlanıb, birdəfəlik çıxarmağa üstünlük veriblər. Bu, doğru deyil.                                                                                                                   

Məlahət Rzayeva