Seçkilərin təşviqat mərhələsi: Hüquqları bərpa olunan, şikayəti təmin edilməyən namizədlər var

Fevralın 9-da ölkəmizdə keçiriləcək parlament seçkilərinin təbliğat-təşviqat dövrüdür. Namizədlər qanuna uyğun olaraq təşviqatları çərçivəsində seçiciləri ilə görüşür, platformalarını açıqlayırlar. 

Bəzi namizədlər müxtəlif arqumentləri əsas gətirərək seçki prosesində qanun pozuntusu olduğunu bildirirlər. Namizədliyini geri götürən şəxslər də var.

Builki parlament seçkilərinin gedişatı barədə fikirlərini Sherg.az-la bölüşən AVCİYA-nın Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı seçkilərin özünün böyük bir kampaniya olduğunu deyib.

O, bildirib ki, ölkəmizdə seçkiləri təsnifata bölsək, ilk növbədə prezident seçkilərinin mühüm və vacibliyini qeyd edə bilərik:



Məhərrəm Zülfüqarlı: “Onların bir çoxu qanunda nəzərdə tutulmuş bəzi tələblərə riayət etməyiblər”


“Bundan sonra parlament seçkilərinə önəm verilir. Sonra isə bələdiyyə seçkiləri gəlir. Əlbəttə, parlament seçkilərində rəqabət bələdiyyə seçkilərinə nisbətən daha güclüdür. Parlament seçkilərindən narazı və razı olanlar var. Təbii ki, hər kəsin razı olduğunu bildirsək bu, düzgün olmaz. Müşahidələrimizə görə, bəzi namizədlərin dairə seçki komissiyalarında hüquqları pozulub. Onlar MSK-ya müraciət ediblər və hüquqları bərpa olunub.  Belə bir fakt da var ki, namizədliyi qeydə alınmış şəxs həmin dairədəki digər namizəddən şikayət edərək onun məhkumluğu olduğunu deyib. Bu məsələyə MSK baxıb və həmin şəxsin namizədliyi ləğv edib. Yəni, hüquqları bərpa olunanlar, həmçinin şikayəti təmin olunmayan namizədlər var. Onların bir çoxu qanunda nəzərdə tutulmuş bəzi tələblərə riayət etməyiblər. Məsələn, mülkləri, əmək haqları, maliyyə hesabatları haqqında məlumatı dəqiq vermirlər. Bu yaxınlarda MSK-nın sədir Məzahir Pənahov bildirdi ki, bəzi namizədlər bilərəkdən istəmirlər ki, onların namizədliyi qeydə alınsın. Yəni, qanuni sənədləri lazımi səviyyədə doldurub vermirlər. Bu günkü məlumatlara görə, bəzi şəxslər namizədliyini geri götürməyə başlayıblar. Bu da yenilikdir. Seçki prosesində kimlər seçiləcəksə, hamısına uğurlar arzu edirik. Seçilə bilməyənlər, qeydiyyata alınmayanlar növbəti seçkilərdə iştirak edib uğur qazanarlar. Ümumilikdə indiyə qədər proses normal keçir”.