Bakıya tramvaylar qayıdır: Gələcəkdə paytaxtımızda trolleybus və metrobuslar da görəcəyik

Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə heyətinin sədri Vüsal Kərimli ölkəmizdə tramvay xəttinin bərpası ilə bağlı məsələyə toxunub. O bildirib, Lökbatan və Hövsan qəsəbələrini Neftçilər prospekti üzərindən tramvay yolu birləşdirmək nəzərdə tutulub. V.Kərimlinin sözlərinə görə, Dənizkənarı Milli Parkın ilk zolağı hesabına bu tramvay xətti qurula bilər: 

“Hazırda hesablamalar aparılır. Bu, nəticələr müsbət olsa, biz ümumiyyətlə, ictimai nəqliyyatı Neftçilər prospektindən yığışdırmağı nəzərdə tuturuq”.

Tramvay xəttinin bərpası tıxacların nisbətən də olsa azalması məsələsini gündəmə gətirib. Bu xətlərin qurulmasının nə dərəcədə effektiv olacağı ilə bağlı Sherg.az-a danışan “Avtosfer.az” saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, uzun müddətdir tramvay xətlərinə dair təkliflər irəli sürülür. 

Ekspertin bu təkliflərin həyata keçirilməsinin vacib olduğunu vurğulayıb:

“Çünki Azərbaycanda ictimai nəqliyyat deyiləndə yalnız avtobus, metro və taksilər nəzərdə tutulur. Amma belə olmalı deyil. Dünyanın bir çox ölkələrində ictimai nəqliyyatın müxtəlif növləri var. Məsələn, qardaş Türkiyədə tramvaylar, metrobuslar və digər ictimai nəqliyyatlar mövcuddur. Azərbaycanda da bu məsələyə diqqət göstərilməlidir. Nəzərə almaq lazımdır ki, 2018-ci ilin dekabr ayında Prezident İlham Əliyev “Yol hərəkətinin təhlükəsizliyinə dair Dövlət Proqramı”nı təsdiqləyib. 5 illik “Dövlət Proqramı”nda ictimai nəqliyyat növləri ilə bağlı məsələyə də toxunulub. Proqramda göstərildiyi kimi, aidiyyəti qurumlar məsələyə ciddi yanaşsalar, ümid edirəm ki, yaxın gələcəkdə ictimai nəqliyyatın digər növləri kimi tramvay, trolleybus, metrobus kimi nəqliyyatları şəhərimizdə görə biləcəyik”.



Elməddin Muradlı: “Bakıda tikintilər xaotik vəziyyətdə getdiyinə görə, elə küçə və prospektlər var ki, orada istəsək belə tramvay xəttini çəkmək mümkün deyil”


E.Muradlının qənaətincə, tramvaylar ekoloji cəhətdən təmiz nəqliyyat növü olduğuna görə, bütün dünyanın diqqəti bu nəqliyyatlardadır: 

“Vüsal Kərimlinin qeyd etdiyi maşrut üzrə tramvay xətlərinin çəkilməsi məsləhətdir. Hazırda Bakıda tikintilər xaotik vəziyyətdə getdiyinə görə, elə küçə və prospektlər var ki, orada istəsək belə tramvay xəttini çəkmək mümkün deyil. Mümkün olduqda isə dövlət tərəfindən milyardlarla vəsait lazım gələcək ki, həmin binalar, yaşayış məntəqələri, ofis və otellər sökülsün, beləliklə ictimai nəqliyyatın hərəkəti tənzimlənsin. İctimai nəqliyyatın növü nə qədər çox olarsa, digər nəqliyyat növlərinin sayı da bir o qədər azalacaq. Bu, dünyanın məntiqlə yanaşdığı bir məsələdir. Tramvay xəttinin yaradılması yaxşı effekt verə bilər. Düşünürəm ki, tramvay xəttini  Nefçilər prospekti ilə çəkmək mümkün olmasa da, bu xətt müəyyən yerlərdən, məsələn, Milli Parkın ərazisindən keçsin. Bu, həm insanlar üçün xoş təəssürat yaradar, həm turistlər üçün cəlbedici olar, həm də əsas yola heç bir ağırlıq salmaz. Əsas yolda sərt döngələr və sıxlıq olan yerlər var. Həmin ərazilərdə tramvay xəttini Milli Parkın ərazisindən keçirtmək olar. Digər maşrutları da araşdırmaq lazımdır. Məsələn, Heydər Əliyev prospekti ilə bu xətti yaratmaq mümkündür. Babək və Nobel prospektində infrasturukturları incələyib müşahidələr aparmaq lazımdır. Düşünürəm ki, orada tikintilər elə də xaotik vəziyyətdə getməyib. Yəni, yolların hərəkət hissələrinə yaxın ərazidə tikintilər yoxdur. 



“Qara Qarayev prospekti  boyunca da tramvay xəttini yaratmaq effektiv olar. Amma orada böyük söküntü işləri getməlidir”


Babək prospektində avtobus zolağı yaradılıb, həmin zolaqda həm də tramvay zolağı yaratmaq olar. Tutaq ki, bu gün ora avtobus zolağı olduğu üçün heç kim əhəmiyyət vermir, əslində nəqliyyat vasitələri o zolağa keçməli deyillər. Amma gələcəkdə orada tramvay  xətti salınsa, ümid edirəm ki, bu yaxşı effekt verə bilər”.

Ekspertin fikrincə, Qara Qarayev prospekti  boyunca da tramvay xəttini yaratmaq effektiv olar:

“Amma orada böyük söküntü işləri getməlidir. Xalqlar dostluğu və Əhmədli metrostansiyası şəhərin ən sıxlıq olan nöqtələridir. Ümumilikdə dərin müşahidələr aparıb qərar qəbul etmək lazımdır. Nəqliyyat infrasturukturu belədir ki, otaqda oturub qərar qəbul etməklə irəliəyiş əldə etmək mümkün deyil. Ərazini təhlil edib öyrənmək lazımdır”.