Bəhruz Quliyev: “Azərbaycanla-İtaliya arasında münasibətlərin gələcək strategiyası müəyyənləşdi”

“Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri çox əhəmiyyətli və uğurlu oldu. Səfər çərçivəsində imzalanmış “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” və digər istiqamətlər üzrə ikitərəfli sənədlər, Azərbaycanla-İtaliya arasında münasibətlərin gələcək strategiyasını müəyyənləşdirdi”. 

Bu sözləri Sherg.az-a açıqlamasında “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib. 

O bildirib ki, dövlət səfəri  İtaliyanın Azərbaycan, Azərbaycanın isə İtaliya üçün nə qədər önəmli ölkə olduğunu bir daha üzə çıxarmış oldu.

Azərbaycanın İtaliya ilə strateji tərəfdaşlıq münasibətlərində iqtisadi-ticarət sahəsində əməkdaşlığın xüsusi əhəmiyyətə malik olduğunu deyən ekspert söyləyib ki, ötən il müddətində iki ölkə arasında  ticarət dövriyyəsinin həcmi 6 milyard ABŞ dolları təşkil edib: 

“Azərbaycanla-İtaliya enerji sahəsində də böyük əməkdaşlığa malikdir. Bunu sübut edən amillərdən biri İtaliyada istehlak olunan neftin 17 faizinin, Cənubi Qafqaz ölkələri ilə ticarətinin 92 faizinin Azərbaycanın payına düşməsidir. Bütün bunlar göstərir ki, İtaliya Azərbaycanı Cənubi Qafqazda ən önəmli dövlət kimi dəyərləndirir”.

B. Quliyev söyləyib ki, iki ölkə arasında imzalanan “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”də istər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, istərsə də digər məsələləri əhatə edən müddəaların yer alması İtaliyanın Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi olduğunu və münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tanıdığını sübut edir: 

“Birgə Bəyannamədə Azərbaycan üçün olduqca vacib məqamlar yer alır. Sənəddə tərəflərin bir-birinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstək verməsi xüsusilə mühüm əhəmiyyət kəsb edir. Bildiyiniz kimi İtaliya dünyanın 7-ci iqtisadiyyatı olaraq “Böyük Yeddiliyin”, Avropa İttifaqı və NATO kimi təşkilatların üzvüdür, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olan ATƏT-in Minsk qrupuna daxil olan həmsədr ölkədir. Hesab edirəm ki, belə bir ölkə ilə Birgə Bəyyanəmənin imzalanması və sənəddə iqtisadi, siyasi, hərbi və digər sahələrin əhatə olunması Azərbaycanla-İtaliya arasında strateji tərəfdaşlığın bütün istiqamətlərdə daha da gücləndirilməsinə öz töhfəsini verəcək”.
 
Analitik əlavə edib ki, Azərbaycanla İtaliya arasında imzalanan mühüm sənəd Avropa İttifaqı ilə Azərbaycan arasında yeni tərəfdaşlıq sazişi üçün möhkəm əsas təşkil edir.