“Möhtəkirlər maskalarla bağlı süni ajiotaj yaradırlar” - HƏKİM


Əli Nağıyev:“Bu mənada Prezidentin tibbi maskalara dair çıxışı düzgün və yerindədir. Ölkə başçının söylədiklərini dəstəkləməliyik”

“Koronavirusla bağlı dövlətimizin yanaşması, görülən tədbirlər təqdirəlayiqdir”



Prezident İlham Əliyev son günlər ölkədəki apteklərdə koronavirusla bağlı yaranmış maska çatışmazlığı məsələsinə toxunub. Dövlət başçısı bildirib ki, hazırda ölkəmizin kifayət qədər maska ehtiyatı var.Prezident qeyd edib ki, maskaların tapılmamasına dair məsələyə izahat tapmaq mümkün deyil:
“Görünür ki, hansısa möhtəkirlər bu vəziyyətdən istifadə edərək öz qanunsuz gəlirlərini artırmaq istəyirlər. Bütün hüquq mühafizə orqanlarına tapşırıq verilib ki, əgər belə hallar aşkar olunarsa, bu hallara yol verən vətəndaşlara qarşı ən ciddi cəza tədbirləri tətbiq ediləcəkdir. Çünki indiki şəraitdən istifadə edərək, öz tamahını təmin etmək üçün bəd əməllərə üz tutan ünsürlərə qarşı ancaq çox ciddi cəza tədbirləri tətbiq edilməlidir”.

Ölkə başçısının çıxışının təqdirəlayiq olduğunu deyən həkim-psixoterapevt Əli Nağıyev “Sherg.az”a açıqlamasında söyləyib ki, koronavirus yox, ondan qorxmaq daha təhlükəlidir. Həkimin sözlərinə görə, qorxu, təlaş və təşviş insanda psixi travmalar yaradır:

“Beləliklə, gələcəkdə postravmatik stress pozuntusu deyilən bir çox nevrozlara səbəb olan vəziyyət əmələ gəlir. Ona görə də ilk növbədə koronavirusa obyektiv yanaşmaq, çoxlu məlumat toplamaq insanları daha çox rahatlada bilər. Ölüm faizinə baxanda koronavirus adi qriplərdən çox da fərqlənmir. Sadəcə, yeni çıxan bir xəstəlik olduğu üçün bu qədər ajiotaja səbəb olub. Təbii ki, Səhiyyə Nazirliyinin və digər müvafiq müəssisələrin karantin tədbirləri olmalıdır. Koronavirusla bağlı dövlətimizin yanaşması, görülən tədbirlər təqdirəlayiqdir”.

Ə.Nağıyev bildirib ki, cənab Prezidentin tibbi maskalarla bağlı çıxışı düzgün və yerindədir:

“Ölkə başçının söylədiklərini dəstəkləməliyik. Düzdür, tibbi maskalar insanları koronavirusdan ciddi şəkildə qorumur. Maska 2 saatdan sonra islanır və effektivliyini itirir. Bu maskaları xəstə insanların taxmağı daha doğrudur. Həkim personalının xüsusi maskaları var ki, onlar müəyyən müəssisələrdə verilir və apteklərdə satılmır. Apteklərdə satılan kağız maskalar xəstələr üçündür. Belə maskalar sağlam adamları ciddi şəkildə qorumaz.

Sağlam insanlar özünü qorumaq üçün xəstə insanlardan uzaq durmalı, şəxsi gigiyenaya əməl etməlidir. Bu dövrdə müəyyən spirtlərdən istifadə etmək, immuniteti möhkəmləndirmək, təmiz havada gəzmək və ağızla yox burunla nəfəs almaq lazımdır. Qeyd olunan tədbirlərə əməl edilməlidir, digər məsələləri dövlət yerinə yetirəcək. Maskalarla bağlı möhtəkilərin fəaliyyəti, camaatın maskaları alıb evə yığması süni olaraq yaradılan ajiotajdır. Xəstələr bu maskanı taxmalıdır ki, asqırarkən ətrafa virus yaymasınlar”.

Yeganə Bayramova