"Koronavirusa qarşı ciddi önləyici tədbirlər görülür" - Millət vəkili 

Sabir Rüstəmxanlı:"İctimai nəqliyyatda dezinfeksiya tədbirlərinin görülməsi, xarici ölkələrə səfərlərin məhdudlaşdırılması, tədrisin dayandırılması təqdirəlayiqdir" 




 Azərbaycanda koronavirusla bağlı ciddi izolyasiya tədbirləri həyata keçirilir. Fevralın əvvəlindən reallaşdırılan tədbirlər infeksiyanın xaricdən idxalını məhdudlaşdırmaq və onun ölkə daxilində yayılmasının qarşısını almaq məqsədi daşıyır.  Dövlət orqanlarının fəaliyyətini əlaqələndirən Operativ Qərargahın yaradılması, bəzi ölkələrlə sərhədlərin bağlanması və gediş-gəliş təmaslarının məhdudlaşdırılması, karantin rejiminin tətbiqi və digər addımlar hazırkı dövrə kimi qarşıya qoyulan vəzifələri maksimum icra etməyə imkan verib.

İnfeksiyanın dünya ölkələrində geniş yayılması ilə əlaqədar ÜST tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunması Azərbaycanda əlavə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini zərurətə çevirib.

Həyata keçirilən tədbirlərlə əlaqədər “Sherg.az”a danışan  xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı Azərbaycanda bu problemə kifayət qədər diqqət göstərildiyini söyləyib:

“Əvvəl bu virusa ciddi yanaşılmadı. Lakin sonradan vəziyyətin nə qədər təhlükəli olduğu anlaşıldı və bu istiqamətdə profaliktik tədbirlər həyata keçirilməyə başlanıldı. İctimai nəqliyyatda dezinfeksiya tədbirlərinin görülməsi, xarici ölkələrə səfərlərin məhdudlaşdırılması, tədrisin dayandırılması təqdirəlayiqdir. Ümid edək ki, Azərbaycan bu bəladan canını tezliklə qurtara biləcək”.
 
Profilaktik tədbirlərin davamı olaraq iaşə obyektlərinin fəaliyyətinin dayandırılmasına gəlincə, S.Rüstəmxanlı qeyd edib ki,  bu, düzgün qərardır:

“Şəhərdəki kafelərin, barların fəaliyyəti çoxdan məhdudlaşdırılmalı idi. Çünki onların bəzilərində həm də Azərbaycan əxlaqına zidd olan xidmətlər göstərilir. Yəni mənəvi virusun qarşısı alınmalıdır”.