Parlamentin bu komitəsi çağırışa qoşuldu: “Fonda pul köçürəcək”


“Qlobal epidemiyaya qarşı Azərbaycan dövlətinin həyata keçirdiyi mübarizə tədbirlərinə bütün təbəqələrin həmrəylik nümayiş etdirməsi zəruridir” 



"İlk məvacibin bir hissəsinin nəcib, xeyirxah məqsədlərə xərclənməsi ilə bağlı xalqımızın çox gözəl adətləri var".
Bunu "Sherg.az"a açıqlamasında millət vəkili, iqtisadçı - ekspert Vüqar Bayramov deyib.
Deputatın sözlərinə görə, xalqı yaşadan, cəmiyyəti ayaqda tutan məhz belə, mahiyyətində həmrəylik, birlik, vəhdət olan adət-ənənələrdir: 

"Xalqımız ellə gələn dərd-bəlanın öhdəsindən həmişə qibtə olunacaq həmrəyliyi sayəsində uğurla gəlib. Tarixən sınaqlardan üzüağ, alnıaçıq çıxıb. Məhz belə bir gündə xalqla parlamentin həmrəyliyinin nümunəsi kimi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin üzvləri olaraq qərara aldıq ki, Azərbaycanda koronavirusa qarşı mübarizə tədbirlərinin maliyyələşdirilməsi üçün qanunverici orqanda ilk əmək haqqımızın bir hissəsini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürək".

İqtisadçının fikrincə, qlobal epidemiyaya qarşı Azərbaycan dövlətinin həyata keçirdiyi mübarizə tədbirlərinə münasibətdə xalqımızın bütün təbəqələrinin həmrəylik nümayiş etdirməsi zəruridir: 

"Həm insanlarımızın səhhətinin, sağlamlığının qorunması, həm də iqtisadiyyatımızın bu sınaqdan mümkün qədər az itkilərlə çıxması baxımından çox vacibdir. İnşallah, biz bunu birlikdə bacaracağıq!".