"65-dən yuxarı olan insanlar evdə otursalar daha yaxşıdır" - Xalq artisti Hacı İsmayılov


Koronavirus infeksiyası ilə əlaqədar karantin günləri davam edir. Bu günlərdə xalq  dövlətin qəbul etdiyi qanunlara riayət etməklə yanaşı həm də güvəndiyi, sevdiyi sənətkarların məsələhətlərinə də ehtiyac duyur. Mədəniyyət xadimləri müxtəlif media qurumlarına açıqlama verərək xalqa səslənir.

"Sherg.az" olaraq dəyərli məsləhətlərini öyrənmək üçün tanınmış aktyor, Xalq artisti Hacı İsmayılov ilə əlaq saxladıq.

Koronavirus infeksiyası ilə bağlı xalqa tövsiyələriniz...

- Bu dünyaya yayılan bir bəladır. Sürətlə yoluxan xəstəlikdir. Bir nəfərdən gün ərzində  neçə nəfərə yoluxa bilər. Ona görə çox diqqətli olmaq lazımdır. Hər deyilən sözə inanmaq olmaz. Əsl xəbəri dövlət rəsmiləri açıqlayır. Dövlətimiz də ilk gündən  bu məsələ ilə ciddi şəkildə məşğul olur. Azərbaycan vətəndaşlarının qorunması naminə  tədbirlər görür. Ən əsası da odur ki, koronavirus  kütləviliyi sevən xəstəlikdir. Ona görə də insanların bir yerə yığılması məsləhət deyil. Yaxşı olar ki, evdə qalsınlar. Özümüzdən çox şey aslıdır. Bu bir bəladır. Xarici ölkələrdə də var. Məsələn İtaliyada, İspaniyada, Almaniyada və başqa ölkələrdə də mövcuddur. Əvvəllər epidemiya, sonra isə  pandemiya dedilər. Hazırda Amerikada da insanlar tələf olurlar. Çox dəhşətli xəstəlikdir.

-Sizcə necə qurtula bilərik?

 - Ancaq birlikdə, qəbul olunan qaydalara riayət edərək öhdəsindən gələ bilərik. O zaman bu xəstəlik yox ola bilər. İnsanlar da rahat nəfəs ala bilərlər. Çünki vurduğu ziyan olduqca böyükdür. Bu xəstəlik iqtisadiyyata, ümumiyyətlə dünyaya xeyli zərər vurdu.

-65 yaşından yuxarı  insanların evdən çıxmaması qanuna əməl edirsinizmi?

- Əlbəttə  65 yaşından yuxarı insanlar evdən çıxmamalıdır. Koronavirus xəstəliyi birinci immun sistemidir.  Yaşlı insanların immuniteti zəif olur. Xəstəlik də orqanizimdə zəif olan orqanlara təsir edir. İnsanlar da dünyasını dəyişirlər. Ona görə də yaşlı insanların evdən çıxmağı məsləhət deyil. Bu zaman daha sağlam olarlar. Çünki yaşlı nəslin xəstəliyə yoluxandan sonra yaşama şansı çox deyil. Düzdü sağalanlar da var, amma hər halda yaşı 65-dən yuxarı olan insanlar evdə otursalar daha yaxşıdır.

-Karantin günlərində evdə hansı işlərlər məşğul olursunuz?

-İllər ərzində evdə  müəyyən problemlər çıxır. Məsələn lampanı dəyişmək, səliqə sahman yaratmaq, kitabları sıralamaq lazım olur. Elə olur ki,  yazılara baxıram, lazımsız kağızları atıram. Yəni başımızı belə qatırıq. Gündəlik xəbərlərə də qulaq asırıq.Televizya və mobil telefon vasitəsilə dünyadakı, ölkəmizdəki xəbərlərdən məlumatımız olur. Biz də hansı qaydalara əməl etmək lazım olduğunu öyrənirik.

-Son olaraq məsləhətləriniz...

-Gərək  panikaya düşməyək.Koronavirus xəstəliyinə qarşı qorxuya düşməməliyik.Dövlətin qəbul etdiyi qanunlara riayət etmək lazımdır.Beləliklə biz bu xəstəliyə qalib gələ bilərik.

Samirə Ərəbova