Beynəlxalq Bankın jesti alqışlandı: “Yaşlıların sağlamlığı qorunur”


Ölkəmizdə koronavirus infeksiyasına (COVID-19) qarşı mübarizə tədbirlərinə dəstək məqsədilə Azərbaycan Beynəlxalq Bankı növbəti addımını atıb. Bu xəstəliyin xüsusilə yaşlı insanların səhhəti üçün doğurduğu təhlükələri nəzərə alaraq bank pensiyaçıların banka gəlmək ehtiyaclarını aradan qaldırmaq üçün “Böyüklərə hörmətlə” təşəbbüsünü elan edib.

Bankdan bildirilib ki, bu təşəbbüs çərçivəsində, ilk növbədə, müddəti mart ayında başa çatan bütün pensiya kartlarından istifadə vaxtı apreldən etibarən daha 3 ay uzadılır. Bununla da pensiya kartının müddəti tamamlanmış yaşlıların kartlarını yeniləməkdən ötrü banka gəlmələrinə daha ehtiyac qalmır. Kart sahibləri yalnız Azərbaycan Beynəlxalq Bankının ATM-lərindən istifadə etmək şərtilə növbəti üç ay ərzində pensiyalarını bu kartlarla ala bilərlər. Müddəti uzadılmış pensiya kartları nağdsız ödənişlər üçün də keçərlidir. Bu kartlar vasitəsilə Azərbaycan Beynəlxalq Bankının POS terminallarında məhsul və xidmətlərin dəyərini nağdsız ödəmək olar.

“Böyüklərə hörmətlə” təşəbbüsünün məramına uyğun olaraq Azərbaycan Beynəlxalq Bankı pensiyaya yenicə çıxmış, amma pensiya kartını hələ bankdan götürməmiş şəxslərə kartların evlərində çatdırılması, eyni zamanda ucqar yaşayış məntəqələrində yaşayan pensiyaçılar üçün səyyar ATM-lərin göndərilməsi istiqamətində də tədbirlər hazırlayır. 

 Beynəlxalq Bankın təşəbbüsünü "Sherg.az"a qiymətləndirən iqtisadçı- ekspert Rəşad Həsənov bu addımın daha çox sosial əhəmiyyət daşıdığını deyir:
"İqtisadi cəhətdən ciddi fərqin olacağına inanmıram. Amma yaşlıların sağlamlığının qorunması üçün bu, vacib qərardır. Əgər Azərbaycan Beynəlxalq Bankı yaşlılar üçün sözügedən jesti etməsə  idi, onlar istər- istəməz evdən çölə çıxmalı olacaqdılar. İndiki vəziyyətdə isə buna ehtiyac yoxdur. Odur ki, Azərbaycan Beynəlxalq Bankının təşəbbüsü ancaq alqışlanmalıdır".