"Silahsız döyüşdəyik" - Coşqun Rəhimov

"Bütün dövlətlər məsləhət görür ki, evdən çıxmayın"

Koronavirus təhlükəsinə qarşı mübarizə kəskinləşdirilmiş şəkildə davam etdirilir. Dövlətimiz təxirəsalınmaz tədbirlər görərək əhalinin sağlamlığını qorumağa çalışır.

Bakı şəhəri də daxil olmaqla ölkə ərazisində gücləndirilmiş rejimlə dezinfeksiya işləri aparılır. Xalqdan evdən çıxmamaları xahiş olunur. Nəzərə almalıyıq ki, koronavirus pandemiyasına qarşı peyvənd tapılmayıb.  Qorunmağın tək yolu qanunlara əməl edərək, izolyasiya vəziyyətində yaşamaqdır. Deyilənlərə qulaq asaraq kritik vəziyyətin öhdəsindən gələ bilərik. Bunun bariz nümunəsi isə Çindədir. Koronavirus infeksiyasının ordan yayılmasına baxmayaraq hazırda Çində təhlükə minimum səviyyədədir. Səbəbi isə ciddi şəkildə qayda qanunlara əməl edərək öhdəsindən gəlmələridir. Digər yaxşı hal isə İtaliyadadır. Ölənlərin sayının çox olmasına baxmayaraq təxirəsalınmaz tədbirlərlə  koronavirus infeksiyasının qarşısı alınmağa başlanılıb.  Hətta İtaliyan mediasının verdiyi məlumata görə aprel ayının 13-dən etibarən karantin rejimi dayandırıla bilər. Ölkəmizdən də xoş xəbərlər eşitmək üçün tövsiyələri nəzərə alaraq qanunlara  riayət etmək lazımdır. Unutmayın ki, qayda pozuntularına yol verdiyiniz zaman özünüzlə bərabər sevdiklərinizin də həyatını təhlükəyə atırsınız. Biz media mənsubları da kəskin mübarizədə üstümüzə düşən vəzifəni yerinə yetiririk. Yeni qəbul olunmuş qərarlarla yanaşı ziyalıların, incəsənət adamlarının çağırışlarını xalqa çatdırırıq.

"Sherg.az"ın bu dəfəki müsahibi sevilən aktyor, əməkdar artist Coşqun Rəhimov oldu :

- Koronavirus təhlükəsi ilə necə mübarizə aparırsınız?

- Karantin rejimi vacibdir.  Dövlətimiz qanuni şəkildə mübarizə aparır. Bir vətəndaş kimi qaydalara riayət edərək evdə qalıram. Baxmayaraq ki, valideynlərim məndən uzaqdadır. Telefonla əlavə saxlayaraq, özlərini qorumaqlarını tövsiyə edirəm. Xalqıma, tamaşaçılarıma məsələhət görürəm ki, evdə qalsınlar. Təmizliyə, dezinfeksiya işlərinə əməl etsinlər. Səbrli olaq. Hər şərdə bir xeyir var. Koronavirusda da bir yaxşılıq axtaraq. Evdən çıxmayaraq bu təhlükənin öhdəsindən gələk. 

- Təəssüf ki,  qanunlara əməl etməyənlər də yox deyil..

- Dövlətimiz  sağlamlığımız üçün çalışır. Qayda qanunları pozmayaq. Polisi aldadıb çölə çıxmayaq. Yerli - yersiz küçələrdə gəzənlərdən xahiş edirəm ki, evdə otursunlar. Müvəqqəti çətinlikdir, keçib gedəcək. Nə qədər evdə otursaq, izolyasiya qaydalarına riayət etsək koronovirus pandemiyasının öhdəsindən o qədər tez gələ bilərik. İşimizə, gücümüzə qayıdacağıq. Hamıdan rica edirəm ki, evdə qalsınlar. 

- Nə fikirləşirsiniz  kritik günlər keçib gedəcəkmi?

-Düşünürəm ki, biraz çətin olacaq. Amma dövlətimizlə birlikdəyik. Qanunlara əməl edirik. Çalışırıq ki, riayət edək. Hər şey yaxşı olacaq. Heç kim ac, ya da dərmansız qalmayacaq. Təki bu bəlanın öhdəsindən gələk. 

-Digər ölkələr də gərgin vəziyyətdədir...

- Bəli, dünya da təhlükə ilə üz- üzədir. Silahsız döyüşdəyik. Bütün dövlətlər məsləhət görür ki, evdən çıxmayın. Təmizlik qaydalarına riayət edin. Yaşlıları nəzarət edə biləcəyiniz şəkildə özünüzdən uzaq saxlayın. 

- Prezidentimizin təşəbbüsü ilə yaradılan Koronaviusla mübarizəyə dəstək fonduna münasibətiniz necədir?

-Çox əla. Tezliklə  iş adamlarından, xalqdan reaksiya gəldi. Bir çox qurumlar ianələr etdi. Birliyimizin, həmrəyliyimizin göstəricisidir.  Dövlət  arxamızda olduğu kimi  biz də hökumətimizin tərəfindəyik. Çox gözəl qiymətləndirirəm. Söz var, "dostu dar gündə tanıyarlar". Biz də çətin vəziyyətdə düşmən deyil, dost olmalıyıq. Qəbul olunan qərarlara əməl edək. Dəstək olaq! Həmrəy olaq!  

-Həmrəylikdən əks mövqedə dayanan şəxslər var. Hansı ki, vəziyyətdən istifadə edib insanları panikaya salırlar...

-Saxta mesajlara inanıb qorxuya düşənlərə demək istəyirəm ki, təşvişə ehtiyac yoxdur. Sadəcə dövlətin qanunlarına əməl edin. Həmin yalan məlumatlara inanıb kefinizi pozmayın.  Düşündüyünüz kimi deyil. Düzdür koronavirus cəhətdən gərgin vəziyyətdir.  Sosial şəbəkələrdə saxta informasiyalar yayan şəxslər düşmənlərimizlə bərabərdirlər. Onlara inanmayaq. Aidiyyatı qurumlar lazım olan məlumatları verirlər. Heç nə gizlətmirlər. Hər şey göz qabağındadır. Beləliklə də hamının qanunlara əməl etmələrini istəyirlər ki, çox itkimiz olmasın. Allah Azərbaycana, dünyaya kömək olsun! 

- Belə başa düşürəm ki, "evdə qal" kampaniyasının dəstəkləyirsiniz...

-Bəli, uzun müddətdir evdən çıxmıram. Bildiyiniz kimi konsert proqramlarını, qastrol səfərlərini təxirə salmışıq. Yaradıcılığımızdan , maddi gəlirimizdən uzaqlaşdıq. Müvəqqəti  vəziyyət olduğunu hamı dərk etsə, səbr edərlər. 

- Beləliklə də həmişəki kimi həyatımıza davam edə  biləcəyikm?

-Əlbəttə! Azərbaycanda yenidən parlaq günəş doğacaq.  Sonra hər kəs işləri ilə məşğul olacaq. 

- Operativ qərargahın qərarlarına ciddi şəkildə əməl edirsinizmi?

-Deyilən qaydalara, hətta daha çoxuna riayət edirik. Məncə etməmək cahillikdir, özünə hörmətsizlikdir. Məsləhət görülürsə mütləqdir ki, əməl etməliyik. Elə belə deyil. 

-Karantin günləri necə keçir?

- Evdəyəm. Nəvələrimlə, övladlarımla vaxt keçirirəm. Bir övladım da Türkiyədədir. Orda da vəziyyət kritikdir. Danışanda məsələhət görürəm ki, evdən çıxmasın, qaydalara riayət etsin. Sağ olsun, o da bir övlad kimi qulaq asır. Cahillik etmir, evdə qalır. Əziyyət çəkib  kreditlə, çətinliklə  ev alırıq. Bütün tamaşaçılara, millətimə tövsiyyəm odur ki,  pis şans da olsa dəyərləndirin. Evinizin dadını çıxarın. Axı siz çətinliklə mənzil almısınız, arzunuza çatmısınız. Ona görə də ləzzət almağa çalışın.  Bu vəziyyət də müvəqqətidir. 

-İnternet üzərindən tamaşaçılarınizla görüşləriniz olacaqmı?

 -Ola da bilər. Allahın köməkliyi ilə tezliklə pandemiyanin öhdəsindən gəlsək "online" layihələrə ehtiyac da qalmayacaq. Bəlkə tamaşaçılarla səhnədə görüşəcəyik.  

- "Bu şəhərdə"nin sevənləri karantin müddətində darıxar yəqin...

-YouTubedə kifayət qədər konsert proqramlarımızdan səhnələr var. Yetəri qədər çəkilişlərimiz mövcuddur ki, tamaşaçılarımızla  bölüşürük. Amma ehtiyac olsa internet üzərindən görüş də olar.

-Evdə qalmağın vacibliyini təbliğ edirsinizmi?

- Məsələn məcburi səbəblərdən çölə çıxanda kimi görürüksə özünü qorumağını tövsiyə edirik. Xüsusilə də bizdən yaşca böyüklərdən xahiş edirik. Koronavirus pandemiyası cavana, yaşlıya baxmır. Təsdiq olundu ki, yaşın fərqi yoxdur. Ona görə evdə qalsınlar.

- Bəs, evdə telefon vasitəsilə Müşfiq Abbasov və Rafael İsgəndərovla danışaraq yeni səhnələri müzakirə edirsinizmi?

 - Hələ ki, işimiz insanları maarifləndirməkdən ibarətdir. İstər siz jurnalistlər, istərsə  də tele-kanallar müraciət edirlər. Bizlər də qoşuluruq. Hazırda yaradıcılıq barəsində fikirləşmirik. Bu təhlükə keçsin sonra işlərə davam edərik. 

-Son olaraq dəstək mesajınız...

Hər şey yoluna düşəcək. Özünüzü qoruyun!