"Dünya bu sınağa hazır deyildi" - Niderlandda yaşayan soydaşımız Sherg.az-a danışdı

"Ərzaq qıtlığı yoxdur. Ən böyük problem həkimlərin azlığıdır"

 Bu günlərdə bütün ölkələrdə vəziyyət eynidir. Hökumət başçıları eyni təhlükə ilə - yeni tipli koronavirusla mübarizə üçün ciddi addımlar atırlar. Şəhərlərdə karanin tədbirləri görülür. Avropa ölkələrinin durumu daha ağırdır.  "Sherg.az" a danışan həmyerlimiz Cavid Xəlilov deyir ki, iki ildir yaşadığı Niderlandın Eyndhoven şəhərində yoluxanların və ölənlərin sayı rekord həddə çatıb. 

- Niderlandda sizin yaşadığınız şəhərdə hazırda vəziyyət necədir?

- Mən ölkənin Şimali Brabant bölgəsində yerləşən Eyndhoven şəhərində yaşayıram. Bölgə hazırda yoluxma və karantinə alınmış xəstələrin sayına görə birincidir. 17851 nəfərin testi pozitiv nəticə verib. Onlardan 6875-i müalicə olunur.

- Əhali pandemiya ilə bağlı nə düşünür?

- Əhali ilk vaxtlar məsələyə ciddi yanaşmırdı. Buradakı ilk yoluxmaların səbəbkarları İtaliyadan qış tətilindən gələnlər idi. Şimali Brabantda vəziyyətin kritik olması isə fevral ayının axırlarında burada keçirilmiş kostyum karnavalı idi. Çünki insanlar kütləvi toplaşdılar və xəstəlik yayıldı. Bir də əhalinin çoxu yaşlıdır. Onların oqranizmləri isə virusa müqavimət göstərə bilmir. Odur ki, indi hamı vəziyyətin nə qədər ciddi olduğunu başa düşür. Əksəriyyət qaydalara əməl edir. Ərzaq qıtlığı yoxdur. Ən böyük problem həkimlərin azlığıdır. Bu ərazidə yaşayanlar adətən sağlam olur, nadir hallarda xəstələnirlər.  

- Koronavirusla bağlı şəxsən sizin fikirləriniz nədir?

-  Dünya bu sınağa hazır deyildi. Xəstəliyin pandemiya səviyyəsinə çatmasında Çinlə yanaşı, ÜST- ün də təqsiri var. Daha çevik addımlar atılmalı idi. Məncə, xəstəlik bir az da davam edəcək. İqtisadi təsirlər isə uzun müddət özünü göstərəcək. 

- Hökumət nə kimi izolyasiya tədbirlərini həyata keçirir?

-  Niderland hökuməti restoran, kafe, kino və bu kimi kütləvi yerlərin hamısının fəaliyyətini dayandırıb. Təhsil müəssisələri də bağlanıb. Amma insanlar evlərdən çıxıb marketə getməkdə və ya yürüş etməkdə sərbəstdirlər. 

- Əhali üçün hansı güzəştlər nəzərdə tutulub?

- Şirkətlərin çoxu evdən işləyir. Günəmuzd çalışanlar və indi işsiz qalanlara isə hökumət ciddi məbləğdə yardımlar edir. 

- Azərbaycanlılara nə kimi tövsiyələriniz var?

- Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirləri bəyənirəm. İnsanları qaydalara əməl etməyə çağırıram. Çünki koronavirusla zarafat qorxuludur. Düzdür, təmizlik həmişə bizim üçün prioritet olub. Amma indi bu məsələyə daha ciddi yanaşmaq lazımdır. Düşünürəm ki, pandemiya bitdikdən sonra iqtisadi təsirləri davam edəcək. Bu səbəbdən də əhali gərək bədxərclik etməsin. Həm də kasıblara yardım etmək vacibdir.