"Hər nazirlik bir tövsiyə ilə çıxış eləsə, qarışıq vəziyyət yarana bilər" - Məhərrəm Zülfüqarlı


Daxili İşlər Nazirliyi əhaliyə müraciət edib. Müraciətdə bildirilir ki, vətəndaşlara evdən yalnız tibbi zərurətlə əlaqədar, ərzaq və dərman almaq, bank və poçt xidmətindən istifadə etmək məqsədilə müəyyən edilmiş qaydada icazə aldıqdan sonra evdən çölə çıxmaq, bu zaman fərdi nəqliyyat vasitəsindən istifadə etməmək, saat 21.00-dan sonra isə yaşadığı ünvanı tərk etməmək tövsiyə olunur. Axşam saat 9-dan sonra insanların çölə çıxmamasının tövsiyə edilməsi bir çoxlarının narahatlığına səbəb olub. 

 Məsələ ilə bağlı “Sherg.az”a danışan AVCYA seçki qərargahının sədri Məhərrəm Zülfüqarlının fikrincə, bu, başqa səbəblərlə də bağlı ola bilər:

“Əgər səbəb koronavirus pandemiyasıdırsa, qərarları Nazirlər Kabineti yanındakı Operativ Qərargahın verməsi daha düzgün olardı. Çünki hər nazirlik bir tövsiyə ilə çıxış eləsə, qarışıq vəziyyət yarana bilər. Bəlkə də, başqa məqamlar var. Ancaq istənilən halda  insanlarımızın bu  tövsiyəyə də əməl edəcəklərinə inanıram”.