Heç nə polisin gözündən yayınmır: Karantindən sui- istifadə edən sürücülər peyda olub 


Müşahidələr göstərir ki, ölkədə elan edilən karantin rejimi ilə əlaqədər avtoqəzaların sayı azalıb. Əlbəttə, bunun ən başlıca səbəbi yollarda maşınların seyrəlməsidir. Amma həm də sanki pandemiyanın gətirdiyi ölüm qorxusu ilə insanlar özlərinə və ətrafdakılara qarşı daha diqqətli olmağa başlayıblar.

 Məsələ barədə "Sherg.az"a fikirlərini bildirən nəqliyyat eksperti, "Avtosfer.az" saytının baş redaktoru Elməddin Muradlının sözlərinə görə, yollardakı seyrəklikdən sui- istifadə edən sürücülər də var:



- Dediyiniz kimi, qəzaların sayı azalıb. Amma yenə də bədbəxt hadisələr olur. Bir neçə gün əvvəl Nizami rayonunda faciə ilə nəticələnən qəza hər kəsə görk olmalıdır. Bəzi sürücülər, xüsusilə gənclər elə bilirlər, yol boş olduğu üçün avtomobili yüksək sürətlə idarə etmək olar. Həm də onlar yol polislərinin başının karantin postlarına qarışdığına arxayındırlar. Nəzərə almaq lazımdır ki, heç nə polisin gözündən yayınmır. Ən azından, demək olar, bütün yollarda nəzarət kameraları var. Daha vacib məqam isə maşının təhlükə mənbəyi olduğunu başa düşməkdir. Avtomobili normadan artıq sürətlə idarə etmək, ani manevrlərə yol vermək olmaz. Mütləq nə vaxtsa sükan adamın əlindən çıxır. 

  E. Muradlı karantin dövründən sonra da vəziyyətin ciddi formada dəyişəcəyini düşünmür:

- Hər yerdə həm intizamsız, həm də səliqəli sürücü var. Karantin dövrü bitəndən sonra da yol hərəkəti qaydalarına əməl etməyənlərə rast gəlinəcək. Nə demək olar? Deməli, onlar bir göz qırpımında həyatlarını qurban verməyə hazırdırlar.