"Məsuliyyət və həmrəyliyimizlə hökumətə dəstək olmalıyıq" - Partiya sədri 

"Koronavirus təhlükəsi sovuşmayıb. Əksinə, bir çox ölkələr artıq ikinci dalğa ilə üz- üzədir".

Bu sözləri  Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq millət vəkili Fərəc Quliyev "Sherg.az"a danışarkən deyib. Onun fikrincə, insanlar məsələyə real yanaşmalıdırlar: 

"Azərbaycan hökumətinin məsələyə necə həssas və çevik reaksiya göstərdiyini hər birimiz gördük. Hətta dövlətimiz ÜST- ün tapşırıqlarını gözləmədən də müəyyən qabaqlayıcı addımlar atdı. Nəticədə yoluxma sayı digər ölkələrdəkindən xeyli az oldu. Başqaları bizim təcrübəmizdən istifadə etdilər. Vətəndaşlar bunu qiymətləndirməlidirlər".



Keçmiş deputat həmçinin, bildirdi ki, hökumət bütün addımlarında camaatın sağlamlığını prioritet məsələ kimi qəbul edib: 

"Əlbəttə, iş yerlərinin açılmaması iqtisadi cəhətdən dövlətə də serf etmir. Çünki durğunluq yaranır. Bununla belə, dövlət başçısı "vətəndaşların sağlamlığı, yoxsa iqtisasi fəallıq?" dilemması qarşısında heç düşünmədən birincini seçdi. Koronavirus pandemiyası ilə mübarizəyə külli miqdarda vəsait ayrıldı. İkinci bir tərəfdən yenə də əhalinin rifahı nəzərə alınaraq korrupsiyaya yol verən, sadə insanların yardımlarını mənimsəyən icra başçıları saxlanıldı, vəzifəsindən kənarlaşdırıldı. Yeni baş prokuror təyin edildi. İndi Prezident aparatı, milli məclis və prokurorluq orqanları korrupsiyaya  qarşı birgə mübarizə aparır. Gərək camaat da buna adekvat münasibət göstərsin". 

Keçmiş millət vəkili yaranmış vəziyyətdən sui - istifadə edənlər haqqında da danışdı:

"Sosial şəbəkələrdə qeyri- dəqiq, yalan məlumatlar yayanlar da az deyil. Onlar həyata keçirilən işləri görməzdən gəlməyə cəhd edərək, Azərbaycanın imicinə kölgə salmaq istəyirlər. Biz buna imkan verməməli, öz məsuliyyətimiz və həmrəyliyimizlə hökumətə dəstək olmalıyıq".