“Zirvə görüşü Azərbaycanın beynəlxalq nüfuzunu artıracaq” - Deputat

“Onlayn formada toplantı keçirmək heç də asan deyil. Amma Prezidentimiz bu vəzifənin öhdəsindən layiqincə gəldi”


“İndi bütün beynəlxalq təşkilatlar iflic vəziyyətdədir. Bu Zirvə görüşü həm də həmin təşkilatları fəallaşdırmaq baxımından əhəmiyyətli idi”.
Bunu “Sherg.az”a Azərbaycan Prezidenti və Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə “COVID-19-a qarşı birlikdəyik” mövzusunda onlayn formatda keçirilən Zirvə görüşü barədə danışarkən millət vəkili Fazil Mustafa deyib. 
Deputat diqqətə çatdırıb ki, sözügedən videkonfrans Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu daha da artıracaq: 

“Qoşulmama hərəkatı BMT-dən sonra ikinci böyük təşkilatdır. Azərbaycanın bu quruma sədrlik etməsi özü böyük uğurdur. İkinci bir tərəfdən isə biz gördük ki, dövlət başçımızın hər an dünya liderləri ilə əlaqə yaratmaq imkanı var. Deməli, Azərbaycan ciddi bir mövqeyə sahibdir. Həm də onlayn formada toplantı keçirmək heç də asan deyil. Amma Prezidentimiz bu vəzifənin öhdəsindən layiqincə gəldi. Bu videokonfrans bizə əlavə dividentlər qazandırdı. Beynəlxalq aləmdə imicimizə təsir edən müsbət impulslar yarandı”.